Qonaq Kitabı
KİŞİ

 

Ver bu qədər rəncə nəhayət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Lap bükülübdür belin əlləşmədən,

Üzdü səni xəlqdəki ğəm, mühən,

Milləti əhya elədin, ta ki sən,

İmdi yox artıq sana hacət, kişi!

Qıl dəxi bir xırda fərağət kişi!

 

Hər tərəfi, hər işi səhmanladın,

Məktəbə meyl etməyəni danladın,

Gəh bəyi, gəh mollaları yanladın,

Yordu səni kari-cəhalət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Etdin atalıq bu yetim ümmətə,

Almadınız pul o qədər zəhmətə.

Ğərq elədin millətini minnətə,

Tey elədin, bunca məsafət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Sənsən, əvət, imdi bizə qibləgah,

Çünki sən oldun bizə püştü pənah,

Bilməsə də qədrini hər rusiyah

Qəlbinə  yol vermə mərarət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Boylə deyirmiş biri cəmiyyətin:

Məhvinə vabəstə imiş niyyətin,

Anlaşılıbdır hələ mahiyyətin,

Bu necə böhtan?! Nə ədavət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Tövbə! İnanmam buna mən ki, sənin

Olsun ürəkdə elə hiylən, fənin,

Bu hamu quyraltmasıdır düşmənin

Sən hara, harda bu xəyanət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Çəkmə soyuq ah ilə odlu nəfəs,

Şanını kəsr eyliyəməz hiç kəs,

Həm əməlindir hamu bax pişü pəs,

Yox ki, bir azadə sədaqət, kişi!

Boylədir islamdə adət, kişi!

Sən dəxi çox çəkmə xəcalət, kişi!

Qıl dəxi bir xırda fərağət, kişi!

 

Kəndini toxtaq, kişi, arı dala at, kişi;

Millətini, dinini bircə pula sat, kişi!

Tövrü ədanı dəyiş, hər kəsi aldat, kişi!

Hər kəsi oynat, kişi!

 

 

(...O...)

“Məzəli”, 1915, â„– 4.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info