Qonaq Kitabı
BİLMƏDİM

 

El dedi hər söz, inandım mən, yalandır, bilmədim,

Dəyşilibdir öylə bildim iş, həmandır, bilmədim.

 

Öylə bildim ki, atıb millət qədim adətləri,

İçlərindən qovluyubdurlar bütün bidətləri.

Sındırıbdırlar töküb dil kəbəsindən bütləri,

Düz yolu, həqqi tapıblar, bu gümandır, bilmədim!

Dəyşilibdir öylə bildim iş, həmandır, bilmədim!

 

Öylə bildim eyləyibdir şiə, sünni ittihad,

Şeyxü müfti bir, idarə bir, yox iki dürlü ad,

Din bir, məslək, düşüncə bir, siyasət, iqtisad,

İşləyirlər bir məsərrətlə, fəğandır, bilmədim!

Dəyşilibdir öylə bildim iş, həmandır, bildim!

 

Dal-dala vermiş sanırdım cümlə ərbabi-qələm,

Göstərirlər millətin nöqsanların yekrayi-fəm.

Mən düşünməkdə bu xülyalarla biəndaz-cəm?

Ümmətin qəlbi – cərihdarı qandır, bilmədim,

Dəyşilibdir öylə bildim iş, həmandır, bilmədim!

 

Məhv olubdur ortalıqdan zənn edirdim, qərəz,

“Gövdəsi” sağlamlanıbdır millətin, yox bir mərəz.

Böylə ki, cəhl, iftiraqə ittifaq olmuş əvəz.

Köhnə yolda əksəriyyətlə rəvandır, bilməzdim,

Dəyşilibdir öylə bildim iş, həmandır, bilmədim!

 

Arxalanmışdım xüsusən mən cavan şairlərə,

Can verərlər derdim ali şerlərlə “türk”lərə,

Gördüm öylə şerlər, heyfa ki, keçdim yerlərə.

Əğləbi şair adında şarlatandır, bilmədim,

Dəyşilibdir öylə bildim iş, həmandır, bilmədim!

 

Sərfi-ərbabi-təşairdən mürəkkəb bihünər,

Bir taqım xudbin imişlər, xudfirib, azadəsər.

Bir-birin sevməz, bəyənməz, tən edər, təqbih edər,

Hər biri bir hiç ikən, bənlik satandır, bilmədim,

Dəyşilibdir öylə bildim iş, həmandır bilmədim!

Həp kardandır bilmədim, gənci-nihandır, bilmədim,

Köhnə cavandır, bilmədim, keçmiş zamandır, bilmədim,

Həmrahinə, həmkarinə bir xəsmi-candır, bilmədim!

Bir qəhrəmandır, bilmədim!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 20.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info