Qonaq Kitabı
O MƏNƏ

 

Bir quru cisməm uçuq qəlbli, candır o mənə!

Əski, solğun bədənəm, qırmızı qandır o mənə!

 

O mənə yar deyil isə də, yarəm ona mən,

Tazə bir güldür o xoş ətrli, xarəm ona mən,

İstəsə canımı qurban, yenə varəm ona mən,

Boş, qırıq bir qəfəsəm, ruhi-rəvandır o mənə,

Bir quru cisməm uçuq qəlbli, candır o mənə!

 

Yıxıq evcikləri ən sevgili kaşanəmdir,

Gözünün yaşı suyum, dərdi-dili danəmdir.

Yuva sevgisi üçün bu dili-viranəmdir,

Bir soyuq yel kimi hər sübh vəzandır o mənə,

Quru bir cisməm uçuq qəlbli, candır o mənə!

 

Sevgilimdir o mənim, aşiqi-divanəsiyəm,

Bir yaşıl şəmdir o, mən dəxi pərvanəsiyəm.

Saçının, saqqalının, bığlarının şanəsiyəm,

Fəxrdir, şöhrətü ad, izzətü şandır o mənə!

Bir quru cisməm uçuq qəlbli, candır o mənə!

 

Millətimdir o mənim sevdiyim əla gözəlim,

Nəzərindən fəqət atdığı üçün bibədəlim,

Kuyi başında qalıbdır iki qoynumda əlim,

Eşq divanəsiyəm, kərçi ziyandır o mənə,

Çarə yox, tərk edəməm kuyini, candır o mənə!

 

Nazı çox, qəmzəsi bol, kibri də var dilbərimin,

Baxmamaq işvəsidir aşiqə, taci-sərimin,

Yox ki, təsiri ona ahü nəva, sözlərimin,

Ta ölüncə səbəbi-ahü fəğandır o mənə,

Bir zəlil adəmiyəm, zülmlü candır o mənə,

Quru bir cisməm uçuq qəlbli, candır o mənə!

 

 

“Molla Nəsrəddin”, 1914, â„– 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info