Qonaq Kitabı
VİRAN ÜÇÜN

 

Yazmayım bir kəlmə, etmişdim qəsəm, İran üçün!

Etməyib bir parça kağız sərf ona, dərman üçün!

Səpməyib bir damla su, yansa əgər, ehsan üçün!

Etməyir rahət fəqət qəlbim bu vəhşistan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Fikr qıldıqca, olur bu qəmli könlüm bir də qan,

Nəhs qanından bitir bir zalimin min can alan.

Oldu zalimlər əlində alət Azərbaycan.

Qul yaranmış sanki hər təbrizli bir xan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Əhli-Təbrizə xudadırmı Şücaüs-səltənə?

Ya ki, zillüllah bir şah, irticaüs-səltənə?

Baisi-ifnayi-İrani Ziyaüs-səltənə.

Düşməni-həqq, hökmfərma firqeyi-şeytan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Bir qəribə xəlqdir məxluqi-Azərbaycan,

Hankı soy, hansı irqdəndirlər, iştə, bu nihan,

Gah edər məşrutəyə, hürriyyətə qurbani-can,

Gah canından keçər bir xani-biiman üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Eyləyir məclisdən indi əhli-Təbriz ictinab,

Etməyirlər məclisi-Tehranə məbus intixab.

Yekdilü yekrəydir əsnaf, molla, şeyx, şab,

Bir-birin təhrik edir düşmənliyə ixvan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Halbu kim, təbrizlilər bir neçə il əvvəlləri,

Qarşı durmuşlardı istibdadə, əldə sərləri.

Şanda keçmişlərdi hətta Gaveyi-ahəngəri.

Canfəda olmuşdular el, yurd üçün, vicdan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

Görsənir, qəflətdə imiş ol zəman iranlılar,

Bilməyirmişlər nədir məşrutə, xan, iranlılar,

Anlamışlar indi mənasın həman iranlılar.

Tövbə, istiğfar edirlər: məğfərət, ğüfran üçün!

Axtarırlar bəxşü əfv, etdikləri üsyan üçün!

Ağlayır qəlbi-həzinim milləti-nadan üçün!

Bumi-təbim banlayır bu kişvəri-viran üçün!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 7.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info