Qonaq Kitabı
YEDDİ YAŞINDAKI QIZIMA

 

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız!

Ol ağ ürəyin ilə, qara xalına, ay qız!

 

Ey annasının gülşəni-ağuşuna bülbül,

Bey dişləri inci, gözü nərgis, yanağı gül.

Bənzər olamaz qarə ipək saçına sünbül,

Söylər mələk, hər kim baxa şəhbalına, ay qız!

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız!

 

Lazımdır əgərçi sənə həm tərbiyə, təlim,

Elmü hünər öyrətməyə məktəb və müəllim,

Amma... bunu ata-baba bizlərdə görüb kim?

Kim, mən də baxım surəti-əhvalına, ay qız!

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız!

 

Zülfün kimi bəxtin də qararsın, nə işim var,

Çöhrən dəyişib rəngi sararsın, nə işim var.

Qəlbin də düşündükcə dararsın, nə işim var?

Yanmaz ürəyim bircə tikə halına, ay qız!

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız!

 

Doqquz yaşa yetməkliyini gözləyirəm mən,

Bu yaşa çatarsan iki ildən iləri sən.

Onda olacaqsan, bala, bir yaz kimi şən.

Hər yanda xridar olacaq malına, ay qız!

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız!

 

On yaşda evimdə edərəm mən səni pünhan,

Evdə ev olur, küçədə çarşaf sənə zindan,

On birdə olur ər sənə bir sahibi-iman,

Zənciri-təsəttür qoyulur yalına, ay qız

Bəndəm sənin ancaq o rüxi-alına, ay qız.

 

İstərsən o vəqt ol bağı açmaq, açamazsan,

Qurtarmaq üçün canını, qaçmaq, qaçamazsan.

Azadə uca yerlərə uçmaq, uçamazsan.

Kar etmiş olur bənd pərü balına, ay qız!

Bir sevmədiyin çıxmış olur falına, ay qız!

Qəlbindəki qəm bitmiş olur salına, ay qız!

İştə, daha bir qız çocuq al dalına, ay qız!

Bax yavruna, ah et!

Yan halına, ay qız.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info