Qonaq Kitabı
MÜXATƏBİM MOLLA NƏSRƏDDİNDİR

 

Sən idinmi o kim, derdin müsəlmanlarda yox himmət,

Nifaqından şikayətlər qopardırdın, edib nifrət.

Deyirdin onlara vəhşi, sanırdın adəti bidət,

Bilirdin cahil-alim cümləsin aludeyi-qəflət.

Atıb mollalara böhtan, edirdin bunları töhmət,

Qalıbsan indi sən harda, gedibdir gör hara millət!

 

Dəli dəngişmi deyirdin, nə deyirdin, bilmirəm anı,

Fəqət anı bilirəm ki, bəyənməzdin müsəlmanı.

Qızanda şirtək millət, tökəndə torpağa qanı,

Qılanda qardaşı qardaşlarına təng dünyanı,

Deyirdin bu igit insanlara bədkarü biqeyrət,

Qalıbsan indi sən harda, gedibdir gör hara millət!

 

Edəndə fərş kəndinə üç arvad bir müsəlman ər,

Düşəndə daminə bir ixtiyarın bir cavan düxtər,

Əsiri-qeydi-zülm, olduqca həmşirə və madərlər,

Verirsən yol ona bu izdivacə şəri-peyğəmbər,

Verirdin xəlqi bundan ötrü sən vəhşiliyə nisbət,

Qalıbsan indi sən harda, gedibdir gör hara millət!

 

Edirdin hər kəsə: xan, bəy, rəiyyət, şahə istehza,

Əlindən gəldi təngə şeyx, müfti, arifü mirza.

Qalıb kim bu vilayətdə ki, səndən görməsin iyza?

Sözün kəc, işlərin bir dərd, əşarın ələməfza,

Odur ki, bax bu gün qoydu səni bir guşədə ümmət,

Qalıbsan indi sən harda, gedibdir gör hara millət!

 

Zəmanə dəyişilib indi, beş il əqdəmkilər getmiş,

Müsəlman mollalar səpdikləri töxmi-əməl bitmiş,

Qırılmışdır nüfuzun, etibarın, hörmətin itmiş.

Üzünə baxmamağa qövmi-islam ittihad etmiş,

Buyur, pis bildiyin millətdən öyrən dərs, al ibrət,

Qalıbsan indi sən harda, gedibdir gör hara millət!

 

Sənə yox ehtiyacı bir müsəlmanın bu gün... amma...

Sənin var ehtiyacın hər müsəlmana, bunu danma!

Səni bundan belə bir taifə, bir də sevər sanma,

Nə hörmət qoydun adamlarda ki, yardım, kömək umma.

Əbəsdir, dutma yüz, yalvarma bica, çəkmə boş zəhmət,

Əvəz cənnət verilsə belə baxmaz şəklinə millət.

Yemə qəm, eyləmə möhnət,

De va nəfsa, nə va millət!

Əlində var ikən fürsət,   

Bax özgə varsa bir sənət

Qəzavət ya məşixiyyət,

Tilismü tasə sərf et vəqt,

Qazan bir bolluca sərvət.

Oxu kafirlərə lənət.

Oxu həm də mənə rəhmət!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1914, â„– 2.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info