Qonaq Kitabı
QOXU

 

Gəlməyir burnuma dünyadə məhəbbət qoxusu,

Yaxşı insanlıq iyi, pak mürüvvət qoxusu.

Bəşəriyyətdə mükəmməl mədəniyyət qoxusu.

Mədəniyyətdə olan rəğbətü ülfət qoxusu!

 

Bilmirəm bircə mənimmi tıxanıbdır damağım?

Qüvveyi-şamməm itmiş, boşalıb baş çanağım!

Saralıbdır yaşılımmı, qaralıbdırmı ağım?

Ya ki, yox başqa damaqlarda da qüvvət qoxusu,

Gəlməyir burnuma dünyadə məhəbbət qoxusu!

 

Öylə bir rəngə-libasə bürünüb insanlar

Ki, yaman-yaxşını təşxis eləmək pək düşvar.

Mədəniyyətlisi, vəhşisi, təmamən xunxar,

Sanki yoxmuş yaranışda belə rəfət qoxusu,

Gəlməyir burnuma dünyadə məhəbbət qoxusu!

 

Həp cəhan əhli: fəqir, ağ, ğəni, şah, gəda,

Bivəfa, aldadıcı, yox ki, sədaqət... əbəda!

Gizlənirmi – mənə lütfən de! – dağarcıqda cida!

Bir şeyin olsa vücudi, çıxar, əlbət, qoxusu,

Yox cəhan içrə vəfa, mehr, məhəbbət qoxusu!

 

Dəm vurur ədlü ədalətdən ümum Avropa,

Sözü düz, bir kişi ancaq edilir istisna,

Yüzdə siddiq alamanlar kibi, düşmən dalıda,

Günə gündən çıxır ortaya həqiqət qoxusu,

Gəlməyir burnuma dünyadə məhəbbət qoxusu!

 

Nə isə, işləri hər yanda pərişan görürəm,

Durbin ilə baxıb hər yanı asan görürəm,

Fasda, İspaniya, fransız və alman görürəm,

Dönürəm qərbi Trablisdə italyan görürəm,

Çevrilib Şərqə, həm İranda da mehman görürəm!

Hər tərəfdən soxulur burnuma vəhşət qoxusu!

Ayrı fikr, ayrı xəyal, ayrıca niyyət qoxusu!

Gəlməyir rəhm, müdara və məvəddət qoxusu!

 

 

“Siijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info