Qonaq Kitabı
TƏXMİS

 

Bir quşam mən qəfəsi-eşqdə, yox abü dənim,

Xəsteyi-dərdi-fəraqəm, yox ianət edənim.

Çünki salmış nəzərindən məni “dürri-Ədənim”,

“Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım, budur, ölsəm kəfənim”.

 

Hər təəşşüqçüyə aşiq demək olmaz, ey dil,

Aşiqi-sadiq olub, incimək olmaz, ey dil,

Yar bir yol desə öl, ölməmək olmaz, ey dil,

“Canı canan diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim”.

 

Ürəyimdən qopan odlu nəfəsim sövqündən,

Atəşi-eşqim aşar qəmlərimin fövqündən,

Od dutar cismim o gül üzlərinin zövqündən,

“Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,

Nola zənbur evinə bənzəsə beytül-həzənim”.

 

Ah edib sızlamaq aşiqdə, bil, adətdir,

Vəqti-firqətdə “xəyal” aşiq üçün vəslətdir.

Sanma, sövdazədəyə bəndi-bəla zillətdir,

“Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim”.

 

Tiği-əbru çəkilib üstümə, yoxdur səbrim,

Qırılıb kiprigi oxları ilə balü pərim,

Sanki bir zövrəqəm, almış ləpələr dövrü bərim.

“Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,

Bir hübabəm ki, həvadan doludur pirəhənim”.

 

Bir həzin ovçuyam, ey şux, şikarım sənsən,

Eyşü iqbalü həyatım, hamı varım sənsən.

İşığım, ayü günüm, şamü nəharım sənsən,

“Bülbüli-qəmzədəyəm, bağü baharım sənsən.

Dəhənü qəddü rüxün – qönçəvü sərvü səmənim”

 

Güc, xilas etmək əlindən ürəyi, dildarın,

Tari-zülf içrədir məvasi bu qəlbi-zarın,

Çətin! Ayrılmaq ondan, o mələk-kirdarın.

“Edəmən tərk Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim”.

 


Ə. Nəzmi

“İqbal”, 1913, səh. 3, â„– 472.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info