Qonaq Kitabı
BİZİM EYŞ-NUŞ, YAXUD BU GECƏ

 

Molla, səccadəni atdıq bu gecə!

Mey ilə ülfəti qatdıq bu gecə!

 

Daha su içməyi etdik qədəğən,

İçkinin təmini daddıq bu gecə!

 

Düzəlişdirdik işin hər yanını,

Mətləbə, məqsədə çatdıq bu gecə!

 

İstədik məclisə hər növ şərab,

Ağ dodaqları qızartdıq bu gecə!

 

Bir-birimizə piyalə, qədəhi

İttihad ilə uzatdıq bu gecə!

 

Ləbşəkər saqiyi-ziba pesərin

Yadına cam boşatdıq bu gecə!

 

Ud, ney, tarü kəman çaldırdıq,

Qışqırıb həşr qopartdıq bu gecə!

 

Hər nə kim, olmalı idi oldu,

Köhnəyə tazə yamatdıq bu gecə!

 

Başımız doldu, qızışdı aralıq,

Çuxanı, börkü çıxartdıq bu gecə!

 

Pul da bitdi, kisənin çıxdı dibi,

Başmağı, qurşağı satdıq bu gecə!

 

Pas basmışdı bütün qəlbləri,

Pak sildik, safalatdıq bu gecə!

 

Yanmış idi ağacı könlümüzün,

Onu bir gunə sulatdıq bu gecə!

 

Madmazellər ilə kef eyləyərək,

Dan yerin ta ki, ağartdıq bu gecə!

 

Gün tülu etdi, ucaldı fələkə,

Onacan biz, demə, yatdıq bu gecə!

 

Qara dünyanın unutduq qəmini,

Xəstə bir könlü onaltdıq bu gecə!

 

Nə isə, Molla, boş idi yeriniz,

Eyş dəryasına batdıq bu gecə!

 

Millətin dərdini atdıq bu gecə!

Əcəmi, türkü oyatdıq bu gecə!

 

Ərəbi kürdə calatdıq bu gecə!

Qəlbi-məcruhi sağaltdıq bu gecə!

 


Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 19.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info