Qonaq Kitabı
QIZ VƏ DƏDƏSİ

 

 

Ey mənə dünyada tək, bircə nigəhban dədə!

Həm anamın, həm mənim cismimizə can dədə!

Bığları, saqqalı qıpqırmızı mərcan dədə!

Küçənin ağsaqqalı, kəndlilərə xan dədə!

Məktəbə göndər məni, can sənə qurban, dədə!

 

Ey işığı didəmin, sevgili dilbər qızım!

Bülbülü ağuşumun, telləri ənbər qızım!

Məktəbə qoymam səni, sinəsi mərmər qızım!

Molla Vəli inciyər, söhbəti şəkkər qızım,

Yep-yekə qızsan, sənə çox yaraşır ər, qızım!

 

Vah, bu nə sözdür, ata, çıxmayır ondan başım,

Annamıram, çün mənim yox hələ səkkiz yaşım.

Var ikən evlənməli yirmi yaşar qardaşım,

Mən hara, söylə, hara ər kimi heyvan, dədə!

Məktəbə göndər məni, can sənə qurban, dədə!

 

Məktəb adın dut, əgər istəməyirsən məni,

Məktəbə göndərmərəm, nazlı qızım, mən səni.

Qoy çağırım mollanı, ta oxusun siğəni.

Elçi salıbdır bu gün məşhədi Qənbər, qızım!

Yep-yekə qızsan, sənə çox yaraşır ər, qızım!

 

Oy...oy... amandır, dədə, getməyirəm mən ərə!

Vermə, sən allah, məni sən məşədi Qənbərə!

Rəhm eləməzmi ata nazlı qızı Əsmərə?!

Adını çəkmə ərin, könlüm olur qan, dədə!

Məktəbə göndər məni, can sənə qurban, dədə!

 

Qız nədi, məktəb nədi, ay qızım, axmaqlama!

Biz deyilik ki, cuhud, erməni, sarsaqlama!

Gözlərini ovma heç, ağlama, dırnaqlama,

İstəyin olmaz sənə heç müyəssər, qızım!

Yep-yekə qızsan, sənə çox yaraşır ər, qızım!

 

Qonşumuz Anna, Nina qızları Ter Kəspərin,

Dərs oxusun, olmasın tayı ədəbsizlərin,

Bilməsin ancaq əlif-bey necədir düxtərin,

Qalsın ölüncə belə cahilə, nadan, dədə!

Məktəbə göndər məni, can sənə qurban, dədə!

 

Kəs səsini, naxələf, ağzı yekə heyvərə,

Oxşarı verdin məni axırı da Kəspərə.

Anla, dedim, vermişəm söz məşədi Qənbərə.

Dönməm o sözdən, əgər qopsa da məşhər, qızım!

Yep-yekə qızsan, sənə çox yaraşır ər, qızım!

 

Ah... nə vəqtimdir, ay tanrı, mənim imdidən,

Arvad olum bir yekə saqqala cəbr ilə mən?

Qıyma, yazıqdır, ola qızcığazın xəstə tən.

Rəhm elə, qoyma olum didəsi giryan, dədə!

Qalmayım avarə və halı pərişan, dədə!

Məktəbə göndər məni, can sənə qurban, dədə!

Şah dədə, sultan dədə!

Qoy olum insan, dədə!

Cahilə, insan deyil,

Söyləmə hədyan, dədə!

Qanmadığın bəsdi ta,

Etmə firavan, dədə!

Qəlb evi viran dədə!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1913, â„– 15.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info