Qonaq Kitabı
BİZ KİMİK?

 

(Qələm arqadaşım Cüvəllağı bəyə)

 

Biz kimik ki, bu müsəlmanlara rəhbər olalım?

Biz nəyik ki, bu gözəl canlara sərvər olalım?

Nəçiyik biz ki, bu məxluqa beyin, sər olalım?

Dut ki, bir şairi-xoşguyi-süxənvər olalım!

Bizə kimdir ki, baxan, yüz il əgər şer yazaq,

Dirilik nəqdini bu işdə, bu yolda uduzaq!

 

Biz kimik, hansı qoçağıq, qaçağıq, qanlılarıq!

Hansı əmmaməliyiz, müctəhidiz, sanlılarıq?

Ya ki, biz hansı xanıq, pullu və milyonlularıq?

Hankı bəy, sahibi-mənsəb və necə canlılarıq

Ki, bizim sözlərimiz xəlqə ola atlı qazaq?

Bizə kimdir ki, baxan, yüz il əgər şer yazaq?

 

Zənn edirsənmi sözün millətə təsir eləyir?

Nəsrü şerin bu müsəlmanları təsxir eləyir.

Bəli, təsir eləyir, daşə necə tir eləyir!

Çünki o söz, o yazı mömini təhqir eləyir!

İki dünyadə gəzər mömin o sözlərdən uzaq!

Kimsə uymaz bizə beş min belə jurnal da yazaq!

 

Müştəbeh olma ki, əfsanəmizə var inanan,

Diksinib hər səsə dadlı yuxusundan oyanan.

Min kərə de: “Səni hamm eylədi, dur, yatma, xuxan”

Çox eşitmişdir uşaqlıqda bunu, etmə güman

Kim, onun nəşəsini bu cürə şuxluqla pozaq,

Bizə kimdir ki, baxan, yüz il əgər şer yazaq?

 

Nə kefi istəsə dünyada müsəlman edəcək,

Babası hansı yol ilə ki gedibdir, gedəcək.

Birisi bir kəsə söz söyləsə onu güdəcək,

Başının tüklərini fürsət olanda didəcək.

Əhli-elmə quracaq hər yeri düşdükcə duzaq,

Bizə kimdir ki, baxan, yüz il əgər şer yazaq?

 

Nə isə, cümlə əbəsdir bu çalışmaqlıqlar,

Bu tikanlıqları, bu cəbr ilə aşmaqlıqlar,

Cahil ilə söyüşüb, şeyxə dolaşmaqlıqlar,

Eybini qonsulun, iranlının açmaqlıqlar,

Paylanıbdır hərəyə bir cür üqulü ərzaq,

Bizə kimdir ki, baxan, yüz il əgər şer yazaq?

Dirilik nəqdini, bu işdə, yolda uduzaq?!

                                    zaq-zaq-zaq!

 


Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info