Qonaq Kitabı
KÜSMÜŞƏM

 

Başına and olsun, ay Molla, cahandan küsmüşəm,

İnciyib iyrənmişəm, bu karvandan küsmüşəm.

 

Köç edib aləm təmamən yetdilər sərmənzilə,

Durmayır andırlara qalmış bizim bu qafilə.

Bir sürü camuş təki dolmuş təmamən bir gölə,

Hərçi qışqırdım çıxan olmadı, ondan küsmüşəm,

İnciyib iyrənmişəm, bu karvandan küsmüşəm.

 

Çox çağırdım gəlmədilər cüt ikisi bir yerə,

Ağzını bir yanə tutdu hər birisi yeksərə,

Çıxdı dörd çaqqal kiçik bir meşədən birdən-birə,

Ürküdüb qovdu, çıxartdı hər məkandan, küsmüşəm,

İnciyib iyrənmişəm, bu karvandan, küsmüşəm.

 

Gözləri ilə görürlər əjdahayi-qəfləti

Kim, çəkir kaminə bircə-bircə cahil ümməti,

Çəkməyirlər əl cəhalətdən bu heyvan milləti,

Annamazlar hiç, az-çox anlayandan küsmüşəm,

Başına and olsun, ay Molla ki, cahandan küsmüşəm.

 

Boynu sınmışlara söz batmır, deyirsən daşdılar,

Lap hacı molla Baba[i] ilə elə qardaşdılar,

Qanmamazlıqda daha molla Babadan başdılar,

Mollaların laylası ilə yatandan küsmüşəm,

İnciyib iyrənmişəm, bu karvandan, küsmüşəm.

 

Hər biri ağzın açanda əjdahalartək açır,

Üstünə məktəbçi, maarifçilərin odlar saçır,

Əcnəbi bir şapqalı gördümü, şırp rəngi qaçır,

Özgəyə tülkü, bizə aslan olandan küsmüşəm,

Elmsiz, cəhl atəşi ilə yanandan küsmüşəm,

İnciyib iyrənmişəm, bu karvandan küsmüşəm.

 

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1913, â„– 8.



[i]  “Molla Nəsrəddin”in əsas tənqid hədəflərindən biri, məşhur mövhumat təbliğatçısı, qubalı bir mollanın adıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info