Qonaq Kitabı
NƏZİR

 

Gümüş əndamlı, durna gərdənli,

Sərv boylu, qılıqlı bir zad ola.

Alagözlü, teli və qaşı qara,

Dodağında, dilində də dad ola!

 

Ola çox olsa yaşı doqquz-on,

Döşü gen, inci belli, saçı uzun,

Qəmzəli, nazlı, şivəsi uyğun,

Pənbə yüzlü, bəhartək şad ola!

 

Çağa vəqti atası nəzr eyliyə,

Böyüdə, bəsləyə onu, bəliyə,

Verə Mir Bağır adlı bir dəliyə,

Hamı suçdan, günahdan azad ola!

 

Gəlib evdə heyət ilə görə,

Onu Bağır ağa basıb sümürə.

Dönə gül yüzlünün günü kömürə,

Köhnə bir pəhlivanə arvad ola!

 

Nəzər etdikcə yarının yüzünə,

Şələ saqqalına, yumux gözünə,

Acıya hey, hayıfsana özünə,

Həqqdən, həm həyatdan yad ola!

 

Atasına “Ağa” əvəz iki yüz

Verə huri, apara cənnətə düz.

Ağa keflər çəkə gecə-gündüz,

Ədlü insafü mərhəmət bad ola!

Günü-gündən zəvallıcıq üzülə,

Qırışa pənbə yüz, dodaq, büzülə,

Qara müjganə qanlı yaş düzülə,

İşi ax-vayü dadü fəryad ola!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info