Qonaq Kitabı
BEYNİ SAMAN DEYİLMİDİR

 

Bir mən ölüm baxın buna, lap malağan deyilmidir?

Bənzəməyir musurmana, çinli, yapon deyilmidir?

Saqqalına, cəmalına, çalca qaban deyilmidir?

Söhbətinə, səvalına... saçma sapan deyilmidir?

Axmağın oğlu axmağın beyni saman deyilmidir?

Bax nə deyir görün mənə, qızlarını oxutgilan,

Onları göndər uşqola, rəhm elə, hallarına yan.

Boylə sözü deyincə ha, razı idim desə yaman!

Çünki bu söz, bu iş, əməl dinə ziyan deyilmidir?

Axmağın oğlu axmağın beyni saman deyilmidir?

Bu genə səhldir, baxın o hələ söylüyür nələr,

Deyir qıza gərək deyil yirmi yaşa gedincə ər.

İşqolada o vaxtacan yazı, oxu, iş öyrənər,

Bu başı daşlının bütün sözləri qan deyilmidir?

Axmağın oğlu axmağın beyni saman deyilmidir?

Oğlumuzu apardılar, mürtəd uşağı, məktəbə,

Öyrədib etdilər əduvv adətə, fərzə, məzhəbə

Pisdi bu firqə erməni, urusdan əlli mərtəbə

Yovmağa bu masonları indi zaman deyilmidir?

Yaydı qabağə, qoymayın, bir neçə can deyilmidir?

Babıdımı, masondumu, mən bunu oxşadım kimə,

Hey sataşır, utanmayır, məzhəbə, dinə, alimə.

Öldürəsən ilişdirib başına bir iti qəmə.

Annamır öz dediklərin, məst, piyan deyilmidir?

Axmağın oğlu axmağın beyni saman deyilmidir?

Pozdular etiqadını boylə cəfənglər ümmətin,

Tərsinə iş apardılar, mollaların, şəriətin.

İndi də qızları deyir, gəzsin açıqda millətin,

Böylələri ülum üçün dini satan deyilmidir?

Axmağın oğlu axmağın beyni saman deyilmidir?

Ay keçən əsr hardasan, bir daha gəl qayıt geri,

Bu yeni əsr quyluyur köhnələri diri-diri

Millət işıq gəzir, qapa zülmətin ilə hər yeri,

Köhnə bu yadigarların səndən olan deyilmidir?

Min cürə fəndü məgər ilə xəlqi soyan deyilmidir?

Milləti ha fəlakətə, məskənətə, cəhalətə...

Dərdü əzabü zillətə boylə salan deyilmidir?

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1913, â„– 5.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info