Qonaq Kitabı
MİLLƏTİMƏ

 

Ey ayrılıq zamanları məni anan cəmaətim,

Zəmanın arslanları, igid, sevimli millətim.

Keçən, dala qalanları, mənim qəyur ümmətim,

Qəmi, kəlalı başımın, ürəkdə dərdü illətim,

Gedib dübarə gəlmişəm, ölüb genə dirilmişəm.

 

O gün ki, sizdən ayrılıb, gedib evə uzanmışam,

Yuxu tutub məni elə, yatıb orada qalmışam.

Zəman keçib, sabah olub, on ay sonra oyanmışam,

Çox istirahət eyləyib, dayanmışam, yubanmışam.

Gedib dübarə gəlmişəm, ölüb genə dirilmişəm.

 

Bu vəqtədək şüarımı atıb, sizi buraxmışam,

Su hər yana ki, meyl edir, o yanə mən də axmışam.

Nə mollaya, nə arifə, bəyə, nə xanə baxmışam,

Nə istəyibsə kefləri ediblər oylə, baxmışam,

Fəqət dübarə gəlmişəm, ölüb genə dirilmişəm.

 

Orucluğu, məhərrəmi sizi soyubdu mollalar,

Əkinçi, rəncbərləri basıb yeyibdi mülkədar.

Cəhani-bivəfa sizə olub qış, onlara bahar,

Nə qapmış olsalar gedib, vəli dolandı ruzigar,

Ölüb genə dirilmişəm, gedib dübarə gəlmişəm.

 

Yüzündə bu qara yerin on aydı olmuyıb nələr,

Neçə musurman aləmi tutuldu sərbəsər.

Ədalətin qabağına çəkildi bir qalın çəpər,

Yox idi əldə vasitə, sizə verəmmədim xəbər,

Fəqət mən indi gəlmişəm, ölüb genə dirilmişəm.

 

Qabaqkı məsləki, yolu tutub, genə buraxmaram,

Qaçaq, qoçu və oğrudan çəkinmərəm də, qorxmaram.

Yalançı arif, atvaqat, axundü şeyxilən varam,

Köməkçi sudya, yüzbaşı, müdirə etməm ehtiram,

Birinə tutmayıb tərəf, birinin eybin örtmərəm,

Ölüb genə dirilmişəm, gedib dübarə gəlmişəm.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1913, N 2.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info