Qonaq Kitabı
ƏŞARİ-NİYAZMƏNDANƏ

 

(Molla Nəsrəddin”)

 

Ulduz kimi parlayırdın, süslənirdi yurdumuz,

Hansı qalın buludların arxasında dayandın?

Bais nə şey oldu belə yavaşıdın, yubandın?

Azalırdı, üzülürdü parıltınla dərdimiz.

 

Arslan kimi kükrəyirdin, işləyirdi nəfəsin,

Həftə-həftə könüllərə işlədirdin qorxunu.

İndi sənin haralardan soruşaq biz sorğunu,

Duyulursan, görülürsən, nə üçün var, nə səsin?

 

Unutmazdın qəmlərini millətinin bircə gün,

Qatlanırdın zəhmətlərə yol göstərib duraraq,

Gülə-gülə ağladırdın, güldürürdün ağlaraq,

Ey millətin parlaq günü, parla, parla, bir görün!

 

Az deyilsə millətindən yubanmana, sevinən,

Həm az deyil həsrətkeşin, məsləkdaşın, sirdaşın,

Tətilindən üzülərək kədərlənən yoldaşın,

Həsrətindən saatlarca ürəkləri döyünən.

 

Ey günəştək göy üzündə buludlara bürünən!

Çox dayanma, yenə doğ sən, silahına sarıl da,

Önündəki buludları qov, ulduztək parılda,

Gözlərimiz yolundadır, yolunda...!

 

 

Kefsiz

“İqbal”, 1912.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info