Qonaq Kitabı
BAX, GÜL

 

Bir ayinə al, caninə ayinədə bax-gül!

İr sevgili cananinə ayinədə bax-gül!

Əvvəlcə çevir bir sələvat, atla behiştə,

Huriləri al yaninə ayinədə, bax-gül!

Döndər işığa cəbhəni, bir yaxşı nəzər qıl,

Məxmur iki çeşmaninə, ayinədə bax-gül!

Sil burnunu, eş bığlarını, ordunu qalxız,

Göyçək ləbü dəndaninə ayinədə bax-gül!

Qırxıq başına, qıllı qulaqlarına göz qırp.

Rişü ruxi-əlvaninə ayinədə bax-gül

Qıl xilqətinə, surətü simanə təmaşə,

Əhvali-pərişaninə ayinədə bax-gül!

Titrək təninə, xəm belinə, puç qəfanə,

Səd çaki-giribaninə ayinədə bax-gül!

Qəm-qüssə axıtmaqda olan qaş-qabağınla,

Rüxsari-peşimaninə ayinədə bax-gül!

Min zülm, söyüş eyləməyən zərrəcə təsir,

Namusun ilə qaninə ayinədə bax-gül!

Çəp gözlərin ilə düzü kəc, əyrini düz gör,

Öz eybinə, nöqsaninə ayinədə bax-gül!

Ayinə sənə hər yerini göstərəcəkdir,

Gəncineyi-pünhaninə ayinədə bax-gül!

Keçmişlərini həsrət ilə, ah ilə yad et,

Ağlanmalı avaninə ayinədə bax-gül!

Hürr olmaq üçün bir hərəkət qıl, nə qımılda.

Zəncirinə, zindaninə ayinədə bax-gül!

Öz əlləriniz, həm də əcanib əli ilə,

Qanı axan əxvaninə, ayinədə bax-gül!

İtmiş olan insanlığı çarşablar içində,

Həp cahilə nisvaninə, ayinədə bax-gül!

Qat xuni-dilə əşki-təhəssür qətəratın,

Düz nəzmlə müjganinə, ayinədə bax-gül!

Dil qanma, hesab anlama, kəndini “qoyun” bil,

Dirrəndə nigəhbaninə ayinədə bax-gül!

Ta qan, nə üçün mən gülürəmmiş səni görcək,

İnsafına, vicdanına, ayinədə bax-gül!

İmaninə bax-gül!

İmkaninə bax-gül!

Cəhl ilə ləbaləb,

Ənbaninə bax-gül!

Hər yaninə bax-gül.

 

 

1912

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info