Qonaq Kitabı
ŞƏRAB

 

Deyir kim, ay dəli, canə verir ziyan şərab?

Edir gül üzlülərin rəngin ərğəvan şərab.

Xərab olur deyir, içdikcə qəlbü çap, şərab

O kim, deyir bu sözü, söyləyir yalan, şərab:

Olur kim içsə biri bir piyalə qan, şərab!

 

Onu zərərli bilən qanmır, anlamır, yanılır,

Qazancı, ləzzəti insaf edilməyir, danılır.

İçən məgər onu bihuşü məst olub ayılır?

Bu nəşədir ki, onu bəxş edir rəvan, şərab!

Xoşa ona ki, içir ta olur piyan, şərab!

 

Pis olsa idi onu sıxmaz idi insanlar,

Yasağ edərdi hökumət, şah, sultanlar.

İçərdimi onu gər olsa pis, müsəlmanlar?!

Əfəndi, məşhədi, hacı, bəy ilə xan, şərab!

İçir bir onca ki, hətta olur piyan, şərab!

 

Əlin əsası, dizin təqati, gözün nuri,

Mizin yaraşığı, can qüvvəti, belin zuri.

Açarı eşqin, atı əqlin, istəyin kuri,

Həyatın atəşidir tək bir istəkan şərab,

Xoşa ona ki, içir ta olur piyan, şərab!

 

İçib doyunca ki, keflənmədin, nə ləzzəti var?

Küpün dibində zibillənmədin, nə ləzzəti var?

Piyan soqaqları vellənmədin, nə ləzzəti var?

Yazıq ona ki, nədir bilməyir cəhani-şərab!

İçərsə bircə içim pir, olur cəvan, şərab!

 

Odur ləzizü müqəvvi, o gunə bir nemət

Ki, içsə yüksəliyor başı ərşə hər millət.

Səbəb budur irəli getməyə, elə qeyrət,

İç ol qədər ki, elə kəsb namü şan, şərab!

İçir həp intiligent, arif, anlayan, şərab!

 

Deyil bədəl hələ tiryak, çors qəlyanə,

Bu bəsləyir bədəni, faidə verir canə.

Dönür gəda içə gər, bircə cürə sultanə.

Edir də tülkinü bizzat ərslan, şərab

Bağışlayır belə pəltəklərə lisan şərab

Ürəkdə bircə sözü saxlamaz nihan şərab

Yamanı yaxşı edir, yaxşını yaman şərab!


Kefsiz

“Molla Nəsrəddin”,  1912, â„– 6.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info