Qonaq Kitabı
ƏLİFBA

Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “ bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə  sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişim-pişimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.

Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var,- söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?

Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnavud deyirlər,- bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb Osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”.

Bu sözləri deməkdə arnavudlar belə xəyal eləyirlər: onlar bilirlər ki, nə qədər ərəb hürufatilə yazı-pozu eləyirlər, mətbuatları tərəqqi tapmayacaq, milli ədəbiyyatları puç olacaq, dilləri hörmətdən düşəcək və axırda özləri də arnavudluqdan çıxıb, qeyri bir güclü millətə qarışıb, yox olacaqlar; necə ki, bizlər və bizdən də savayı sair müsəlman qardaşlar.

Mən ölüm, bir az da səbr elə, bu saat qurtarıram, darıxma, dolanım başına, hövsələn təng olmasın, dayan bir, allah sənə Kərbəla qismət eləsin, bir qədər də qulaq ver.

Bu axır vaxtlarda bolqar əsgərlərinin savadlılarının hesabını bir yaxşı qəzetdə oxudum, yüz nəfərə ancaq dörd nəfər bisavad düşür. Amma Osmanlıda on min camaatdan-dörd nəfər savad əhli tapılmaz. İran həmçinin, elə bizlər də o gündə; amma şükür olsun xudaya ki, bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz-dilimizdə danışmaqdan utanırıq və balaca oğlumuz dörd yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə tapsın. Buna sözüm yoxdur; amma həmin evin xanımından təvəqqə edirik ki, uşaq yuxuda da bir kəlmə ana dili danışsa, tumanını çıxart, yumşaq yerinə o qədər şapalaq vur ki, qızarıb həna rəngi çalsın.

Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlman-zad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı (təfavütü yoxdur) aldı və inşallah (allah oğullu-qızlı eləsin, yenə Məhəmməd ümmətidir) bunların yenə dörd yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin.

Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili?

Qardaş, zarafat deyil ki, dilimizdən iyrənirik, vəssəlam.

Uca papaqlılarımız bir-birinə kağız yazanda yazır: “və nigarani nədarim səvayi əz duri və müfariqəti şoma”.

Alçaq papaqlılarımız da bircə il qorodskoy şkolada uçit eləyəndən sonra küçədə bir iznakomini vstretit eləyəndə o saat şapqasını çıxarıb deyir:

-İzdrasti, bacalusqa.

 

*  *  *

 

Budur mənim sözüm, əzizim, ta niyə atılıb düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq eləyən bir allah ki, arnvaud kimi bir bic milləti yaradıb ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehnin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar.

Pəh, pəh, pəh! Sözə bax sən allah! Dilin lal olsun söz danışan!

Axırda da nə bilim həştad neçə il bundan qabaq Osmanlının bir Rəşid paşası gedib arnavudların qanlarını sel kimi axıtdı, analarını ağlatdı, amma arnavudlar əl çəkmədilər və axırını o yerə yetirdilər ki, hər kəs nə istəyir götürsün, barı İstanbula dəyməsinlər.

Əgər sən müsəlmansan, gərək etiqadın ona ola ki, allah-taala qadirdir və sükutda durmaqdan savayı özgə bir təklifimiz yoxdur.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”,  13 yanvar,  1913,  N  1.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info