Qonaq Kitabı
ELANIN ZƏRƏRİ

Təkamül” ruznaməsi hər nömrəsində xəbər verir ki, bir kəs istəsə ruznamədə elan çap elətdirə, qiyməti flan qədərdir. Mən elə qanıram bu sözləri ruznamədə yazmağın mənası yoxdur. Səbəb budur ki, xalq dəli deyil ki, öz əlilə özünə ziyan vursun və hələ idarəyə pul da versin.

Elanın zərəri budur ki, məsələn biri elan etdirəcək ki, məsələn, flan yerə bu qədər yaxşı içməli çay gəlib, ya flan yerdə yaxşı təzə varid olmuş xurma satıram. Bunu camaata xəbər verməyin heç bir faydası yoxdur, zərərindən savayı. Zərəri budur: əvvəla, oğrular biləcək ki, flan yerdə çay, ya xurma var. Saniyən, bir möhtac adam, ola bilər ki gedə yalvara ki, hacı, qadan alım, o çaydan bir çimdik ver uşağıma çay dəmləyim. Salisən, burda bədnəzər məsələsi də var.

Bu səbəbdən mən möhtərəm ruznamədən xahiş edirəm bu mətləbi ruznamədə dərc etməsin, çünki İranda elanın lüzumu yoxdur.

 

Hərdəmxəyalə.

“Molla Nəsrəddin”,  9 rəcəb,  1339 (20 mart, 1921), N3



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info