Qonaq Kitabı
EHSAN

Axır vaxtlarda qaçqınlardan çox danışırlar (bikarçılıq pis şeydir). Hələ danışmaq nədir ki! Qəzetlərdə də yazırlar (çünki yazmağa söz tapmırlar).

Danışırlar ki, Türkiyədən alınan yerlərin əhalisi yaman bir haldadır. Yazırlar ki, İrəvan quberniyasında və İranda müsəlmanlar qan ağlayırlar. Yazırlar ki, bu millətin guya sahibi yoxdur (bəs Bakı milyonçuları?).

Yox, doğrusu, bunlar hamısı heç bir söz deyil və heç bu sözləri yazmağın da faydası yoxdur; onun üçün ki, min ildir ki, hey yazılır, yazılır, amma bir səmər bağışlamır. Bu işlərin qabağını alan tək bircə şeydir ki, ona kitablarda deyirlər: təəssüb və danışıqda deyirlər: “qeyrət”.

Qeyrət və məhz qeyrət; yoxsa qeyrət ki, olmadı – işlər düzəlməyəcək.

Nə səbəbə bir azca erməni tayfasının qaçqınları toxdurlar və rahatdırlar? O səbəbə ki, ermənilər, qaçqınlara pul məsrəf edirlər. Amma müsəlman qaçqınlarına sərf olunan pul o qədər çoxdur ki, hər qaçqına ayda düşür bir manat 65 qəpik (“Açıq söz”, N 574).

Bu bir manat 65 qəpik pulu da yoxsa elə bilirsiniz ki, millət öz cibindən çıxardır? Xeyr, çox payı özgə puludur. Bir azca hissəsi müsəlman puludur! Bunun da əsil səbəbi budur ki, müsəlman millətinin kərəm sahibləri qaçqınlara ehsan etdikləri pulu ciblərindən çıxardanda elə hesab ediblər ki, canlarını çıxardırlar. Əgər yalan deyirəm, buyuruz görək, bəs necə olubdur Bakı milyardları? (milyonları yox, milyardları?).

Ehsan, ehsan. Qardaş, bu işləri çox da asan bilmə; zira ki, mən müsəlmanam, mən bihudə ehsan eləmənəm. Mən o vədə fitrə verərəm ki, boynumun dalında şəriət hökmü kimi bir hökm ola (hələ çox desən, heç bu hökmə də baxmanam). Mən ehsanı o vədə elərəm ki, mənə yəqin və yenə də yəqin ola ki, bunun əvəzində mənə axirətdə yaxşı bir şey verəcəklər ki, adını yazmıram. Yoxsa müftəcə ehsan eləməkdən ötrü ya gərək insan dəli ola, ya da ki, qeyrət sahibi ola. Yoxsa Bakıda hərdən bir hacının məzəmməti ilə milyonçulardan zorla cəm olan beş-on şahı ilə bir və bəlkə iki məmləkətin aclarının və çılpaqlarının qarnını doydurmaq və paltarlamaq mümkün deyil.

Bu, bu tərəfi.

Bir də qaldı o biri tərəfi. Türkiyənin min-minlərcə qaçqınlarına neçə adam baş çəkir? Yəni ağlın nə kəsir, neçə adam? İki cüt bir tək. Onların da biri padşahdır; qalanları da biri vəkil, biri də vəzir, bir-iki nəfər də fərraş var. Və çünki bu qurğunun özü də qurulub. Nikolay rəhmətliyin əsrində, odur ki, bu heyət özü ilə Nikolay heyətinə çox oxşayır. Məsələn, xətadır ki, ağaların birinə deyəsən ki, ay başına dolanım, axır flan yerdə aclar əldən getdilər niyə razı olursunuz Bakı milyonçuları.

 

                                                                                            Molla Nəsrəddin.

                                                       “Molla Nəsrəddin”,  1 oktyabr,  1917,  N18.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info