Qonaq Kitabı
ƏFRADİ-SALEH

 

 

ƏFRADİ-SALEH (1)

Hər kəsdən soruşuram ki, “axır, bizim ədliyyəmiz nə səbəbə münhəll oldu?”, mənə cavab verir ki, “təzə ədliyyə əfradi-salehdən təşkil tapacaq”. “Bəs belə məlum olur ki, təzə əfraddan təşkil tapacaq?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, belə məlum olur ki, köhnə  əfrad əfradi-saleh cümləsindən deyilmişlər?” Deyir: “Bəli”. “Çox əcəb, indi başlayaq başdan: məsələn, götürək təzə vəzarəti-ədliyyə əzasını. Bunlar ki, təzə deyil, köhnədirlər, azından dörd vəziri-ədliyyə görüblər. Əgər məqsəd köhnələri götürüb, təzələri meydana gətirməkdir, elədə bəs bu nə işdir?”. Deyir: “Bilmirəm”.

Deyirəm: “Xub, gələk Təbrizə: ağayani-flan ki, təzə deyillər, köhnədirlər?”. Deyir: “Bəli”. Deyirəm: “Xub, Təbriz ədliyyəsini ki, haman köhnə ağaların vasitəsilə təşkil etmək fikrindədirlər”. Deyir: “Bəli”. Deyirəm: “Xub söz yox ki, ağayani-flan əfradi-salehdəndirlər”. Deyir: “Bəli, bəli, əlbəttə, xub”.

İndi görək axır təzə nədir, köhnə nədir? Görək köhnələr imiş əfradi-saleh, ya təzələr olacaq əfradi-saleh? Əgər köhnələr əfradi-salehdən idilər, dəxi ədliyyənin inhilalına nə bəhanə var idi? Əgər əfradi-saleh məhz təzələrə deyirlər, bəs ağayani-filan və ağayani-filan ki, çox-çox köhnədirlər?

Mən bu sözləri danışanda mənə deyirlər ki, “dəlisən”. Danışmayanda ciyərim az qalır içərimdə od tutub yansın. Doğrudan, bəlkə mən dəliyəm?

Amma öz aramızdır, burada yaxşı fürsət düşmüşdü bir neçə ləğəbləri lüğətdə tapıb məna eləyəm; allah baisin evini yıxsın, bizim balaca uşaq bir dəfə asqırdı, istədim gözləyəm, ta səbir keçsin, mətbəədən adam gəldi ki, tez ol durma, məqalələri göndər düzsünlər; yoxsa, Xorasandan təzə təqvim gəlib, məşədilər bu saat qurdalayıb bir təzə tətil çıxardacaqlar, ruznamən bir gün dalı düşəcək.

 

Dəli.

“Molla Nəsrəddin”,  28 şaban,  1339  (7 may, 1921),  N 7.

 

(1)  Təmiz adamlar, layiqli adamlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info