Qonaq Kitabı
DÜŞMƏNLƏR

Bizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qisimdir:

Bir qismi mömin çinovniklər və yarımçıq qoca “intelligent” lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyf ki, bir az axmaqdırlar.

Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. Bunların çoxu qəzet yazanlarımızdır; amma içlərində tək-tük həkimlər və vəkillər də görürük. Bəzi də heç bir sənətin sahibi olma-yıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. Və çünki bunların hamısı bir növ camaata möhtacdırlar, – bu səbəbdən hər bir bicliyi qəbul eləyirlər ki, avama xoş gəlsinlər və bu yol ilə cama-atı öz tərəflərinə çəkib nüfuz qazansınlar. Bunlar da yaxşı adamlardır, amma şarla-tandırlar.

 

*  *  *

 

Söz yox ağlamaq lazımdır.

Hər kəsdə vətən və millət məhəbbəti olsa, aşura günü çıxar bir uca yerə və müsəlman aləminə tamaşa eləyib, tez yenib gedər evinə və iki əlli başına vura-vura deyər:

-Ax, biçarə qardaşlar, ax uzunqulaqlar!..

Amma allahın heyvanlarının oyunbazlığına etina eləmək və nadan kərbəlayı və məşədilərin vəhşiliklərinə hələ bir növ gedib şərik olmaq – haramzadalıqdır!

Molla  Nəsrəddinin borcu keçəl qardaşları xəbərdar eləməkdir ki, düşmənlərini tanısınlar.

Eşidən eşidər – eşitməyənin canı cəhənnəmə!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  1910,  N 3.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info