Qonaq Kitabı
DİN

Mən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var.

Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli manat verib, rövzəxan Molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On gün ərzində mərsiyəxan cənabları iki yüz əlli söz danışdı: yəni sözün birini bir manata satdı və bu gözəl sözlərin biri də bu idi ki, “Həzrət Abbas təpiyi ilə yüz həştad min qoşun öldürdü...”.

Xülasə, bunun sənə və mənə dəxli yoxdur; pul xasayurtluların, rəvayət də Molla Əbdülhüseynin... Amma sənə və mənə dəxli olan budur ki, təzə ərsəyə gələn cavanlarımız Molla Əbdülhüseynlərin rəvayətlərini yada salıb, məsciddən qaça-caqlar.

Onda da işlər xarab olacaq.

Məsələn, gəl gedək Xoy şəhərində məscidə. Biçarə qardaşlarımız bir əldə süfrə və bir əlində palçıqlı başmaqları, süfrəni məsciddə yerə döşəyib, başlayırlar küftə yeməyə. Cığ-vığ, arvad-uşaq, şəbih, mərsiyə, pişmiş noxud, yer alması, göz-qaş, göz yaşı, baş yarmaq və balaca uşaqların ayaq altında əzilməyi!..

Bu nədir?

Bu ibadətdir.

Pəh, pəh, pəh, pəh, pəh! Ay din alan!.. Ay yaponlar, hardasınız, gəlin, gəlin, başınızı yarın!

Qorxuram tüfürüb qaçarlar.

 

*  *  *

 

Bizarafat deyirəm ki, hər kəs rastıma gəlir – hamısını yavaş-yavaş dinə soyumuş görürəm. Niyə və nədən?

Günah özümüzdədir.

 

*  *  *

 

Nə edək ki, indiyədək Naxçıvanda xan vəfat edib – onların çoxu can verəndə də araq və çaxırsız can verə bilməyiblər. Münacat çəkilən kimi qazılarımız əbalarının qolların geyinib, uşaq kimi qaçıblar ki, xan qapısında rəiyyətlər ilə şaxsey getsinlər və qırx gün təziyədə mücavirlik etsinlər. Amma bu günlərdə həmin Naxçıvanda bir nəfər cavanı dəfn etməyə qazının əmri ilə bir müsəlman da getməyib.

Niyə?

Mərhum çaxır içərmiş.

Budur bizə müsəlmançılığı göstərənlər!

Göyçayda zalım oğlu hamamçı Məşədi Nağının gözü Molla Nəsrəddini görür. Di bir gəl Naxçıvana, gəl bir müsəlmanlara da tamaşa elə. Gəl şəriətmədarları gör ki, göz ağrısı görməyəsən.

 

*  *  *

 

Buxarada da sünni və şiə alimləri öpüşdülər. Danabaş kəndinin arvadları burada olaydı, deyəydi: ay görüm sizin dodaqlarınız qurusun öpüşdüyünüz yerdə!

Avam nə bilir sünni nədir, şiə nədir? Molla öyrədib.

Avam nə bilir ki, şiə sünnünün və sünnü şiənin düşmənidi? Molla öyrədib.

Söz yox ki, əgər əmmaməli qoçularımız bir ay bundan qabaq öpüşsəydilər – bu qırğın da olmazdı. Amma görsənən budur ki, belə məsləhət imiş...

Xülasə, bunun nə sənə və nə mənə dəxli var. Hər kəs istər, aparıb pulunu verib, yolka alıb, bayram saxlar. Amma bizə dəxli olan budur ki, camaatımızın bir hissəsi indidən əcnəbilərin bayramlarını xoşlayıb (nəinki elm və sənətlərini), başlayıblar onlara qarışmağa...

Bir tərəfdən də məhərrəmlikdə Təbrizdə aslanlar bəzəyib, Gəncədə övrətləri dəvələrə mindirib və hər yanda hər cür oyunbazlıqlar çıxardıb, dünya və aləmi heyrətə gətiririk.

Mən elə qanıram ki, bunların hamısı dinimizin yavaş-yavaş əldən getməyinin əlamətidir.

Pənah allaha!..

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  1910,  N 4.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info