Qonaq Kitabı
DİLİ TUTULUB

Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bunlar belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.

Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:

-Ana, doymadım, yenə mənə aş ver!

Göyçaylı Niyazi əfəndi şkolanın elmi-ilahi müəlliminin məvacibini az hesab eləyir. Amma mənə qalsa, heç bir şey deyil; məhz tamahkarlıqdır, qarnı tox, gözü aclıqdır, gözü tox, qarnı aclıqdır. Çünki Göyçay elmi-ilahi müəlliminin məvacib payı özgə şkolaların elmi-ilahi müəllimlərinin payından artıqdır.

 Götürək Qafqazın paytaxtı Tiflisi. Burada gimnaziyada mollaya nə qədər məvacib verilir? Ayda altı manat otuz üç qəpik; yəni Tiflisdə gimnaziyalarda oxuyan müsəlman cavanlarına ayda altı manatlıq müsəlman dərsi verilir.

Gedək Bakıya. Burada “Zavedeniye” adlı qız gimnaziyasının müsəlman müəllimi mənim dostumdur. Bunun adı cənab Zəkəriyyadır. On səkkiz il qulluq edir və ayda nə alır?

Burada təhsil tapıb qurtaran bir müsəlman qızına bir gün dedim:

-Götür müsəlmanca bir kağız yaz.

Götürdü qələmi və kağızın üstündə it ayaqlamış soğan kərdisi çəkdi. Soruşdum:

-Müəllimin ayda nə qədər məvacib alırdı? – Cavab verdi:

-Ayda beş manat. – Dedim.

-Ürəyini sıxma, şükür elə, hələ yaxşısan.

 

 

*  *  *

 

Budur ki, rus məktəblərində oxuyub qurtaran cavanlarımız axırda oxuyubyazmaq bilmirlər; çünki hər bir insanın xəlq olub və sonra ölməyi də bu qanun üzrə əmələ gəlir: görürsən ki, bir şəxs yaşayır, yaşayır, axırda əcəli tamam olur. Mərəz də bir bəhanədir. Həmin mərəz bəhanəsini oxşatmaq olar cənab Zəkəriyya kimi ayı beş manatlıq bir müəllimə ki, allah tərəfindən təyin olunubdur əcəli tamam olan şəxsə ana dili öyrətsin. Əcəli müəllim ayda beş manatlıq dərsini deyəndən sonra görür ki, naxoşun dili tutulub. Həmin bu fəqərə əcəlin tamam olmağının əlamətidir ki, ərəbcə buna deyirlər “fatihə”.

 

*  *  *

 

Necə ki, insan ölüb torpaq olur, bu torpaqdan ot, meyvə və çörək bitir və insanlar yeyir və insanlardan yenə dübarə övlad törəyir və yenə ölür və yenə dirilir və belə-belə yenə min-min illər keçir və yenə əflak dolanır, habelə Göyçayda, Tiflisdə, Bakıda oxunan dilimiz.

Əcəl ki, tamam oldu, millətin dili yox olur; yəni tutulur. Nə eybi var, müsəlman olmasın, rus olsun, firəng olsun, axırda yenə hamı öləcək və bunların yerinə təzə millətlər dünyaya gələcəklər.

Budur təbiətin qanunu!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  12 may,  1914,  N 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info