Qonaq Kitabı
DƏSTƏ

-Mirzə Məhəmməd Cəfər ağa, belə qərar qoyuldu ki, sabah həmin məsələdən ötrü saat üç yarımda bizə təşrif gətirəsiniz.

-Çeşm, çeşm! Şərəfyab olarıq inşaallah. Buyurdunuz nə vaxt gələk?

-Üç yarımda.

-Yəni necə üç yarımda?

-Bəli, üç yarımda, dəstədən üç saat yarım keçmişdə.

-Hacı ağa, üç yarım keçəndə bivaxt olar. Xahiş edirəm günortadan  qabaq cəm olaq; günortadan sonraya üzrüm var.

-Bəli, bəli, elə mən günortadan qabaq ərz elədim. Ərz elədim dəstədən üç yarım keçəndə.

-Hacı ağa, indi başa düşdüm, siz irani hesab ilə fərmayiş edirsiniz. Çün mənim saatım alafranqa[1] qurulub , o səbəbdən iştibah etdim. Xub, buyurursunuz dəstədən üç yarım keçəndə?

-Bəli, Mirzə ağa, üç yarım keçəndə.

-Hacı ağa, bağışlayınız, mənim alafranqa saatım üç yarım keçəndə, bizim alafranqa hesabilə saat neçə olur?

-Mirzə ağa, üç yarım keçəndə təqribən axşam azanına səkkiz saat yarım qalır.

-Hacı ağa, bağışlaynıız, mənim alafranqa saatım günortadan-günortaya qurulur; görəsən üç yarımı ki, buyurursunuz günortadan nə qədər qabaq olacaq?

-Mirzə ağa, bizim hesabda günortaya təqribən üç yarım qalır. Xeyr, gərək ki, dörd saat qala.

-Xeyr, Hacı ağa, gərək az qala.

-Xeyr ağa! Bizim hesabda təqribən dörddən bir az-maz kəm qalır.

-Xeyr, ağa bizim hesabda saat doqquz olur.

-Xeyr, ağa bizim hesabda saat üç yarımdır.

-Xeyr, ağa, təqribən dörddən bir az-maz kəm qalır.

-Xeyr, ağa, bizim hesabda gərək saat doqquz ola, ya da təqribən saat səkkiz yarım ola.

-Xeyr ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır?

-Yəni günortaya təqribən... qoy hesab edim, yəni təqribən dəstədən yarım, bəli, üç yarım, axşam da doqquz, xeyr, təqribən səkkiz yarım, ya da ki, təqribən bir az-maz əskik...

Sabah ağalardan biri gəlib əyləşdi və yoldaşları iki saat gözlədi. Biri bir saatdan sonra gəldi, bir neçəsi iki saatdan sonra cəm oldu, qalanları da heç əbədən gəlmədi; çünki bilmədilər, dəstə hesabilə gəlsinlər, ya alafranqa hesabilə.

Bir nəfər də günortadan üç yarım keçmişdə gəldi gördü ki, məclisdə heç kəs yoxdu.

 

Lağlağı.

“Molla  Nəsrəddin”,  20 rəcəb,  1339 (31 mart,  1921),  N 4.



[1]  Fransa qaydası ilə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info