Qonaq Kitabı
DƏRD

                                                                           Dərdi mara nist dərman, əlqiyas!

 

Mənim tək bircə qardaşım var, dünyalarca istərəm və əgər lazım olsa, onun yolunda özümü ölümə verərəm. Atamın yadigarı, anamın yadigarı, atabir anabir, doğma qardaş, canım, ciyərim, ətim, qanım, ruhum və iki gözümün işığı.

Amma dərd budur ki, gözəl bir övrəti var. Mən namərdəm əgər razı olam ki, qardaşımın başından bir tük əskik ola; amma hərdənbir xəyalıma gəlir ki, xudanəkərdə, bəlkə birdən biçarə qardaşımı əcəl gəldi tapdı, onda bəs övrəti necə olsun? Və mən bədbəxt necə razı olum ki, bir belə can bir özgə kişiyə ərə getsin; özgəsinə qismət olsun. “Ey müsəlmanan, çe dərman, əlqiyas!”

Bəzi vaxt olur ki, belə-belə qara xəyalat mənim yadımdan çıxır; amma hərdən bir qardaşımın övrətinin üzü üzümə sataşır və deyəsən qəsdən o saat xəyalıma gəlir ki, məsələn, xudanəkərdə, qardaşım vəfat edib. İnsanı xəyalət götürəndə, hər cür natəraş fikirlər adamdan əl götürmür; məsələn, guya ki, qardaşım vəfat edib, övrət də gözümün qabağında dolanır. Övrət də nə övrət! Yenə gözəl olmaya, cəhənnəmə-gora, itilib qoyub gedər gəldiyi yerə.

 

Can bicəmal, söz yox,

Meyli cəhan nədarəd.

Hər kəs ki, in nədanəd,

Həqqa ki, on nədarəd.

 

Amma bu köpəyin qızının baldırlarına hərdən gözüm sataşanda...

Allah şeytana lənət eləsin!

Xülasə, belə dərd olmaz ki, mən çəkirəm və gecə-gündüz bu fikirdəyəm: “Gəştəəm suzanü giryan, əlqiyas”.

Söz yox, qeyri millətlər bu barədə asudədirlər; qardaş öləndən sonra onun övrətini almaq qeyri millətlərə qadağandır. Odur ki, onlar belə-belə fikirlərdən uzaqdırlar. Öz aramızdır, bu da onların bişüurluqlarına dəlalət edir. Mən ki, doğrusu, razı ola bilmərəm ki, bir belə nazənin qardaşımın əlindən çıxsın və gedib yad bir kişiyə övrət olsun; bir surətdə ki, onu özümə övrət eləməyə mənim ixtiyarım var; çünki müsəlmanam.

 

Zövqi çinan nədarəd

Bidust zindəgan.

Bidust zindəgani

Zövqi çinan nədarəd.

 

Amma allah şeytana lənət eləsin!

Yenə and olsun allaha ki, qardaşımın başının ağrımağına razı olmanam. Amma bilmirəm hamı mənim kimidir, yainki bircə mən bədbəxtin başına belə işlər gəlir? Bu tünbətünün qızı gözümə sataşanda həmişə qardaşımın ölməyi yadıma düşür və həmişə öz-özümə deyirəm ki, bax, dünyanın işini bilmək olmaz, əcəl hamısını gəlib tərk edəcək. Vallahi, billahi, min dəfə razıyam ki, mən ölüm, qardaşımın başına bir iş gəlməsin. Amma doğrudan doğrusu, mən belə biqeyrətçiliyi qəbul edə bilmərəm ki, qardaşımın övrəti yad bir kişinin qoynuna girsin, bir surətdə ki, uşaqları da mənim uşaqlarım yerindədir; əgər təfavüt qoyuramsa, allah mənim atama lənət eləsin. Bir surətdə ki, bu biçarə nuri-didələrimin analarını almağa mənim ixtiyarım var; özümün də övrətim tək bircədir, ev-eşiyi də ancaq ikisi dolandıra bilər.

Allah şeytana lənət eləsin!

 

Kəs dər cəhan nədarəd,

Belə vəfalı qardaş.

Dərda ki, in müəmma.

Şərhü bəyan nədarəd.

 

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  12 aprel,  1913,  N 12.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info