Qonaq Kitabı
DAĞARCIQ

Pişiklə nə tövr rəftar eləyirsən, elə də arvadla lazımdır rəftar eləmək.

Belə tutaq ki, sən evində bir pişik saxlayırsan və bu pişik yaxşı dolanmır; məsələn, qab-qaşığı gəlib yalayır. Əvvəl dəfə bircə məzəmmət kifayət elər; lazımdır demək ki, “ay heyvan, rədd ol!”. Əgər gördün ki rədd oldu – çox əcəb.

Yoxsa sənin nəsihətini qəbul eləməyib, başladı hələ bir qatığı da yeməyə, o vədə götür “səndal” ağacını və bir neçə dəfə vur pişiyin başından  ki, mavıldaya-mavıldaya çıxıb cəhənnəm olsun. Elə ki, gördün ki, sənin pişiyin özünü qoyub bihəyalığa və evdə nə qatıq qoyur, nə ət qoyur, nə sözə baxır, nə utanır, nə allahdan qorxur – o vədə o binamus pişiyi tut qat bir dağarcığa, ağzını bərk bağla, al əlinə haman “səndal” ağacını, o qədər vur ki, canı çıxsın! Amma məbada dağarcığın ağzı bərk bağlanmış olmaya: əgər pişik oradan özünü xilas eləsə, üz-gözünü cırmaqlayıb qanadar.

Həmçinin arvad.

Gördün ki, sözünə baxmır, ata-anasını söysən kifayət edər. Yoxsa baxıb gördün ki, nəinki sözünə baxmır, hələ bəlkə üzünə də durur – o vaxt götür “səndal” ağacını və başından bir-iki dəfə bərk vur; amma elə vur ki, ağac gözünə dəyməsin; çünki birdən vurub kor elərsən, onda da bir özgə arvad almaq xərcinə düşərsən.

Amma elə ki, arvad başladı cızıqdan çıxmağa, məsələn, sən gecələr, meyxanalardan və lotuxanalardan evinə gec gələndə, başladı övqatını təlx eləməyə, yainki gördün ki, beş-on arvad almağına narazılıq göstərib gedib ata-anasına şikayət elədi, – o vədə arvadını tut qat dağarcığa və o qədər vur ki, canı çıxsın!

 

*  *  *

 

İndi, ey mənim əzizim, dəxi çox da elmdən, məktəbdən dəm vurma: tutaq ki, qızını qoydun məktəbə, dərs oxudu və elmli oldu. Vallah, billah, bircə tikə mənfəəti yoxdur: dağarcığa qatılandan sonra dəxi nə yazı yazmaq olar, nə də bir özgə şey mənfəət gətirər!

Bu mətləbi biz müsəlmanların içində heç kəs hələ lazımınca düşünməyib, savayı Bakıda məkatib komissiyası sədri cənab Makedonskidən və haman komissiyanın doqquz nəfər müsəlman üzvlərindən.

Məlumdur ki, Bakının bir neçə boşboğaz müsəlmanları bir vaxt çalışırdılar ki, şəhər tərəfindən bir dənə qız məktəbi açılsın. Bu xəbəri eşidib biz vaqeən çox pərişan olduq və Dəmdəməkiyə yazdıq ki, bizə əhvalatı bildirsin görək bu nə axmaq sözdür danışılır. Dəmdəməki gedib işin həqiqətini Makedonski cənablarından və həmçinin müsəlman üzvlərindən soruşmuşdu. Müxbirimizə Makedonskinin sözü bu olub ki, “mən çox səy edirəm ki, qız məktəbi açılsın, amma komissiyanın müsəlman üzvləri mənə deyiblər ki, hələ orucluqdur, bir az dayan”. Üzvlərdən də bir nəfər doktor Dəmdəməkiyə cavab verib ki, “qardaşım, Dəmdəməki, yaz Molla Nəsrəddinə ki, ürəyini sıxmasın, mən qızlarımızın oxumağına razı deyiləm; o səbəbə ki, hamısı birdir, dağarcığa qatılandan sonra elmin faydası ola bilməz”.

Bəli, sözümüz oradadır ki, pişiklə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, – qat dağarcığa, ağzını bağla, vəssalam.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  18 sentyabr,  1909,  N 42.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info