Qonaq Kitabı
ÇİÇƏK

Bir müsəlman kəndinə, müsəlman məhəlləsinə “çiçək” kimi müalicəsi asan bir uşaq naxoşluğu düşəndə yazıq uşaqlar bir-bir başlayırlar, qırılmağa. Çox vaxt olur ki, naxoşluq elə o vədə qurtarır ki, dəxi o kənddə, o məhəllədə bir nəfər də uşaq qalmır.

Məlumdur ki, çiçək naxoşluğunu o uşaqlar tutur ki, onlara “çiçək” döyülməyibdir.

Yəni əgər uşağa vaxt ikən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz (amma həkimlər məsləhət görür yeddi ildən sonra yenə uşağın çiçəyini döymək).

Xülasə, bu bir asan işdir: çiçəyin mayası hər bir aptekxanada satılır, ancaq lazımdır ki, kənddə, ya məhəllədə bir elə adam olsun ki, biçarə müsəlmanlara yazığı gəlsin.

Bir neçə qəpiklik neştər, bir neçə qəpiklik maya. Aptekçidən soruşsan ki, çiçəyi nə tövr döyüm?- öyrədər; həkimdən soruşsan,- daha yaxşı; feldşerdən də öyrənə bilərsən. Bunlar hamısı asandır; amma lazımdır ki, məhəllədə ya kənddə balaca, günahsız uşaqlar qırılanda və anaları, ataları ağlar qoyanda elə bir allah bəndəsi olsun ki, sahibsiz, dilsiz-ağızsız avam müsəlman qardaşlara rəhmi gəlsin.

Bir-iki manatlıq çiçək mayası ilə bir yekə kəndin uşaqlarının çiçəyini döymək mümkündür. Əgər belə olsa, o vilayətdən çiçək azarı bilmərrə kənar olar.

Bunu kim eləsin? Kimdir kəndlərdə avam camaatın sahibi?

Bu xüsusda bir neçə cavab ola bilər. Biri deyə bilər ki, kəndlilərin xeyir-şərinə qarışmaq, onların halına yanmaq - mülkədarların, bəylərin və xanların borcudur. Biri deyə bilər ki, kəndlilərə baş çəkmək, onlara yetişən bəlaların qabağında çalışmaq, kəndlilərə atalıq eləmək mollaların vəzifəsidir.

Mən bu iki cavabın heç birinə şərik ola bilmərəm; çünki bəylərin, xanların və mülkədarların kəndli işinə qarışmağının heç bir yaxşı nəticəsi ola bilməz və bir də yaraşan iş deyil ki, təşəxxüslü bir mülkədar, papağı yanqılıcı bir bəy, ya kefli bir xan girsin kəndlinin evinə ki, nə var, nə yox mən gəlmişəm sənin uşağının çiçəyini döyəm. Kəndli bir nanəcib tayfadır, üz versən qudurar, dəxi öhdəsindən gəlmək olmaz. Onsuz da axır vaxtlarda kəndlərdə də bir para cavanlar az qalırlar adamın sözünü qaytarsınlar və üstünə çığırıb söyməyincə böyüyə baş endirmirlər.

Qaldı mollalar. Bunlar da iki cəhətdən kənd uşaqlarının səlamət olmağını istəmirlər: bir cəhəti budur ki, uşaq ölən evdə həmişə molladan ötrü doşab halvası, bəzi yerlərdə ət şorbası bişir; az-çox pul da verilir. Demək, kəndə bir naxoşluq düşəndə mollanın da mədaxili artır. İkinci cəhəti budur ki, o uşaqlar ölməsələr qalsalar, iyirmi-otuz ildən sonra gözlərini açıb yada salacaqlar ki, otuz il ondan qabaq Bakıda qradonaçalnik küçələrdə arvadlara sataşan cavanlara tənbeh eləyəndə, cavanlar qradonaçalnikə belə cavab vermiş imişlər:

- Ərz olsun qradonaçalnik cənablarına ki, biz, həqiqətdə müqəssirik; çünki küçə ilə keçən övrətlərə söz ilə sataşmışıq. Amma cənab qradonaçalnik sağ olsun, necə ki, hər bir müqəssirin tutduğu pis əməlini zəmanənin təqazasına və məkana nisbət mülahizə edəndə onun günahını bir növ xəfif tutub tənbehini də o dərəcə azaldırlar, biz allahın günahkar bəndələrinin əhvalına lazımınca diqqət edəndə aşkar olacaq ki, bizim də üzrümüz az deyil.

Bəli, küçə ilə keçən övrətlərə sataşmaq yaxşı adət deyil. Amma biz rus millətiyik, biz sataşdığımız övrətlər də rusdurlar. Bizim hələ onlarla danışmağımıza da dinimiz yol verir.

Amma bizim gözümüzün qabağında var Qafqazın müsəlman tayfası: müsəlman içində heç bir övrət cürət eləməz ki, müsəlman kişilərinin içindən ötüb keçsin; çünki ola bilməz ki, o övrətə bir söz atan olmasın.

Mən cahıl-mahılları demirəm; hər millət içində cahıllar və cavanlar tərəfindən küçə-bacada övrətə sataşmaq görünür. Mən mollaları deyirəm.

Müsəlman içində hər kənddə və hər şəhərdə bir Molla İsa var. Çox vaxt özləri üçün mitə[1] siğələrini mollalar küçədə oxuyurlar. Övrətin topuğuna baxan kimi zalım oğlu bilir ki, bu övrət kimdir və fürsəti fövtə verməyib nişanəyə qoyur.

Gəncədə Hacı Seyid Bağır özü üçün siğə elədiyi övrətləri küçələrdə tapır. Naxçıvanda Pirqəmişli mərhum bir molla, xoşuna gələn övrətə küçədə deyərdi:

- Mənə siğə olarsan?

Mən çox görmüşəm ki, mötəbər və sahibi-ehtiram bir axund küçədə yad övrətdən soruşur ki:

- Sən kimin övrətisən?

Söz yox, övrətlərimizin qulaqları o qədər qızışıb ki, belə-belə şeylərdən incimirlər; çünki elə bilirlər ki, bu özü də allah əmridir. Bəlkə namünasib bir cavan oğlan küçədə bir dul övrətə sataşsa, övrət daşı götürüb çırpar uşağın başına, amma hacıya və mollaya söz yoxdur; çünki övrət görür ki, burada siğə olmaq məsələsi var. Və övrətlərimiz də öyrənibdirlər.

Gəncədə Kərbəlayı Səkinə ömründə iki yüz adama siğə olub. Hacı Seyid Bağır küçədə hansı dul övrətin baldırını yoğun görəndə, övrətə belə deyir:

- Əgər mənə siğə olmasan, cəddim ciyərini çıxardacaq!

Onunçün hər şəhərdə Kərbəlayı Səkinə xalalar az deyil. Ruhani atalarımızın tərbiyəsinin bərəkətindən, indi bizim övrətlərin içində elələri də var ki, siğə olmağı özlərinə bir peşə kimi eləyiblər. Çoxusu bəlkə özü kişiyə deyir ki:

- Məni siğə elə.

Xorasanı demirəm, orada belə işlər hər qədəmdə görünür. Bizim içimizdə də hər kənddə və hər şəhərdə belə xalalar tapılar.

Margilanda Curəxan adında bir sart qızı küçədən keçən iranlı və qafqazlını zornan tutur ki, gərək məni siğə eləyəsən.

 

                                                         *  *  *

 

Amma lazımdır bunu bilmək ki, çiçəyi döyülən uşağı soyuq yerdə saxlamaq yaxşı deyil.

 

                                                                                                   Molla Nəsrəddin.

                                                            “Molla Nəsrəddin”, 20 yanvar, 1912, N 3.



[1]  Ömürlük siğə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info