Qonaq Kitabı
ÇAQQAL

“Meşə çaqqalsız olmaz”.

Atalar sözü

 

Səmərqənd meşələrində hər qism heyvan var; lakin bu heyvanların içində axır vaxtlarda çaqqal görsənmirdi. Bu da çox qəribə bir işdir, çünki məlumdur ki, “meşə çaqqalsız olmaz”.

Bu məsələ Avropa üləmasını çoxdan məşğul eləmişdi. Və neçə dəfələrlə Avropadan və Rusiyadan səyyah dəstələri gəlib. Səmərqənd meşələrini gəzib, çaqqal tapmayıb gediblər.

Daşkənd şəhərində çıxan “Türküstan” qəzeti yazır ki, axırda Səmərqənd meşələrində çaqqal da tapıldı. Və əhvalatı bu qərar ilə yazır:

Bir neçə ay bundan əqdəm Rusiya tatarları ədiblərindən möhtərəm Fateh Kərimi, Zakir Qadiri və Əhməd İshaqi cənabları bir heyət təşkil edib, Səmərqəndə tərəf azim olublar ki, çaqqaldan bir xəbər bilsinlər. Müsafirlər Səmərqənd meşəsinə daxil olub bir şey tapa bilməyiblər və yorulub bir ağacın dibində oturublar ki, rahat olsunlar və bikarçılıqdan bir kitab açıb başlayıblar oxumağa. Kitabın adı “Təhrirül-imrə”, yainki “Xanımları əsarətdən qurtarmaq” imiş. Yazanı Qasım bəy Əmin.

Ağalar kitabı açıb oxuyan kimi görüblər ki, bir ağacın yuxarısında bir heyvan ulayır və aşağı acıqlı baxa-baxa hirsindən ağacın budaqlarını gəmirtləyir.

Deməginən bu heyvan çaqqal imiş.

Bu səs şəhərə dağılan kimi xalq həyəcana gəlir. Və bir paraları istəmir inansın, bir paraları da cavab verirlər ki, xeyr, o heyvan çaqqal deyil imiş, bəlkə Səmərqənd müftisi Məhəmməd Bəqa xacə imiş. Xülasə, əhvalat bu cür olur. Axırı nə olacaq, onu da allah bilir.

 

Lağlağı.

“Molla  Nəsrəddin”,  12 aprel,  1909,  N 15.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info