Qonaq Kitabı
CAVANLARA

Bircə ümidim cavanlara idi. Həmişə və hər bir məkanda vətən məhz cavanlardan öz nicatını gözləyib. Mən də bu səbəbdən məhz cavanlarımıza ümid bağlayırdım. Mən onlara dedim: “Xub, həftənin altı gününü öz kəsbi-karınıza məşğul olub, amma tək bircə gününü verin mənə. Bəlkə həftədə bircə gün də olsa, əl-ələ verək və allah bədnəzərdən saxlasa, vətən yolunda, eyib olmasın, bir az xidmət edək”. Cavanlar dedilər: “Xub, biz hazırıq”. Mən də müntəzir oldum. Pəncşənbə günü cavanları gözlədim, gəlmədilər. Dedim bəlkə cümə günü yığışacaqlar. Cümə günü də gördüm ki, gəlmədilər, çıxdım küçəyə və küçəyə çıxdıqda nə gördüm? Gördüm ki, haman cavanlar Gürcüstanda gəzirlər, amma nə halətdə? Gözləri qızarmış.

-Ağa, niyə gözləriniz qızarıb?

Cavab verdilər ki, “Molla əmi, allahdan gizlin ki, deyil, səndən niyə gizlin ola? Gecəni yatmamışıq”.

-Niyə yatmamısınız? Nəyə məşğul idiniz, qumara, nəyə?

-Qumara və məşrubata.

-Nəyə?

-Qumara və içkiyə, yəni kefə.

Bəli, dəxi sözüm qurtardı. Ancaq cavanlardan bir müxtəsər giley-güzar eləmək istədim; istədim bunu deyəm ki, hər bir məmləkətdə millətin ümidvarlığı məhz cavanlar olublar. Amma bizim müqəddəs ölkəmizdə (allah şeytana lənət eləsin) işlər necə tərsinə düşüb ki, hacı və məşədi övladının pəncşənbə axşamı və cümə gecələri sübhədək gözəl vaxtları nəyə sərf olur, nəyə? Qumara, arağa.

Bu da vətənin bəxtindəndir ki, cümə günü hər bir cavanın üzünə ki, baxırsan, gözlərini qan çanağı kimi qızarmış görürsən. Dəxi başına nə daş salsın biçarə vətən? Onunçün qoca vətən cavanlara baxanda  ağlaya-ağlaya deyir: “Driğa cəvani, driğa cəvani!”.

 

Lağlağı.

“Molla  Nəsrəddin”,  29 cəmadiyəs-sani,  1339 (9 mart, 1921),  N 2.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info