Qonaq Kitabı
CAVABIMIZ

Mərvdən 558 və Teymurxan-Şuradan 130 nömrəli oxucularımıza.

 Ey mənim əziz qardaşlarım! Məktubunuzu açıb oxudum, nəhayət hər ikinizdən razıyam. Fəxr edirəm ki, məcmuənin ancaq şəkillərinə baxıb kənara tullamırsınız, içində yazdığım məzmunları oxuyursunuz və hətta oxuyandan sonra bir para mətləblər barəsində yazı-pozuya da girişirsiniz. Lakin səd heyf ola ki, aramızda bir mühüm məsələ var və çox qorxuram ki, əvvəl-axır siz də bəndəni atasınız: yəni çox ola bilər ki, siz də məsləkinizdən üz çöndərib cəridəmizi[i] oxumaqdan uzaq durasınız. Səbəbi də budur. Məktublarımızda hər ikiniz bəndəyə məsləhət görürsünüz ki, “bir para mətləblərə əl vurmayıb”; çünki beləliklə avam camaatı məcmuə oxumaqdan qaçırdıram. Hətta Mərvdən gələn kağızda yazılıb ki, “camaat artıq meyl edirlər abunə olub məcmuə oxusunlar, amma çifayda bi mövqe mətləblər mane olur!...”.

Hər iki qardaşlara ərz olsun ki, belə-belə kağızlar idarəmizə keçən vaxtlarda da çox kəslərdən gəlibdir. Belə nəsihətləri yenə çox-çox dostlardan eşitmişik və təcrübə eləmişik ki, bir para mətləblərə əl vurmaq məcmuəmizin bazarını bir övqat kasad eləyir. Bizə aşkardır ki, yazdığımız mətləblər avamın qulağına batmaz və bata bilməz; bunların cümləsini biz yaxşı bilirik. Amma biz bilmirik ki, o bir para mətləbləri yazmasaq, dəxi bəs nə yazaq?!

Hərənin bir etiqadı var, hər cəridənin bir məsləki var, hər yazıçının bir mətləbi var; yoxsa bu işlər bihudə deyil; heç bir şairə demək olmaz – elə yazma, belə yaz; heç bir cəridə sahibinə demək olmaz məsləkini çöndər; heç bir fikir sahibinə demək olmaz ki, qandığını at, mən qandığımı tut.

Mərvli və şuralı[ii] qardaşlarıma cəsarət edib söyləyirəm ki, haman avam camaata bizim də yazığımız gəlir. Biz arzu edirik ki, həmin avam camaat bizim məcmuəni xoşlasın; amma əfsus ki, bu başa gələn iş deyil. Əgər bizim məcmuənin mətalibi[iii] avam camaata xoş gəlmir, bu dəxi təəccüblü bir iş deyil; o səbəbə ki, camaatımızın indiki halında məsləkini qara pula satmayan və öz başa düşdüyünü sidqi-dildən yazan cəridə avama xoş gəlməz.

Şuralı və mərvli qardaşlardan artıq təşəkkürüm var; abunəçilərdən yana məcmuəmizin qeydinə qalmaqları bizə olan məhəbbətlərini sübuta yetirir; çünki abunə məsələsi hər cəridənin ümdə məsələsidir; lakin yenə cürət edib deyirik ki, abunə mülahizəsi məsləkimizə təğyir verə bilməz və oxucularımız dağılıb ta bircə nəfəri qalınca yazacağıq, yazacağıq. Həmin dairədə yazacağıq ki, altı ildir yazırıq və bu altı ilin ərzində yazdığımız sözləri bu saat yenə min dəfə təsdiq edirik.

Mərvli və şuralı əziz qardaşlara ərz olsun ki, bizim avam camaat ilə işimiz yoxdur; avam camaat oxumaz, məcmuə oxumaz, dərs oxumaz, kitab oxumaz.

Bax bir, məktəblərimiz boş, qiraətxanalarımız boş, avam camaat nəinki “bir para” mətləblərə əl vuran “Molla Nəsrəddin”i oxumaz, bəlkə belə mətləblərə əl vurmayan qəzetlərimizi də oxumaq!..

Əgər cəridənin məsləkinin müqəddəsliyi abunənin çoxluğuna bais olsaydı, elədə səhifələri, “Camein Abbas”ı yada salan bir para cəridələrimizin şöhrəti gərək Hindistana gedib çıxaydı; amma xeyr, belə deyil. Tarixdə avamın hümməti heç bir işdə görsənməyibdir.

“Molla Nəsrəddin”in iki-üç min məsləkdaşlarının qeyrəti üç yüz milyon avam qardaşlarda tapıla bilməz və o qədər ki, biz başımıza həmişəlik doğru və sadiq cəm etmişik – bu hələlikdə bizə kifayətdir və buna isbat – məcmuəmizin davamıdır.

Yenə ümidimizi şuralı və mərvli kimi ürəfaya[iv] bağlayırıq. Ümidimiz bunadır ki, əgər bir nəfər müftəxor “Qasımbəy” mərsiyəxanı, bir avamı aldadıb ona desə ki, Molla Nəsrəddin dinə sataşır, o vaxt dostlarımızın biri həmin avamı başa salar ki, Molla Nəsrəddinin məqsədi nə dinə sataşmaqdır, nə təzə bir məzhəb icad eləməkdir.

Molla Nəsrəddinin qəsdi vəhşi adətlərin ortalıqdan götürülməyi yolunda çalış-maqdır.

Sağ olsunlar bizi qanan oxucularımız! Avama ümid yoxdur.

 

Molla  Nəsrəddin.

1 məhərrəm,  1330.  Tiflis.

 

“Molla  Nəsrəddin”,  11  dekabr, 1911,  N 44.



[i]  Burada: jurnalımızı.

[ii]  Teymurxanşuralı.

[iii]  Mətləbləri.

[iv]  Arif adamlara.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info