Qonaq Kitabı
CAĞƏSBİ

Bir gün bir dəlidən soruşdular ki, “ cağəsbi, camə ğəsbi” ibarələrini məna eləsin. Dəli bir qədər fikrə gedəndən sonra belə cavab verdi:

-Cağəsbi haman ali imarətə deyirlər ki, ibarət ola dörd-beş həyətdən: həyəti-birun, həyəti-əndərun, həyəti-xəlvət, həyəti-ziyafət. Talar talar içində, hovuz, gülkarlıq, təvilə, aşbazxana, ambarlar, zirzəmilər, buzxanası, çayxanası, tiryəkxanası. Və bu ali imarətdə əyləşən bir nəfər adam və beş-altı baş ailəsi və beş-altı nəfər nökəri (söz yox, xədimi də olacaq). Digər tərəfdən də biçizlərin iyirmi-otuz nəfəri tıxnaşa bir qaranlıq rütubətli evə, hələ bəlkə çoxları yağış və qar altında zindəganlıq eləyərlər, yainki mədrəsələrə yer tapılmaya və müftə müəllimlər yüz nəfər keçəl-küçəl şagirdi qata bir qaranlıq təviləyə və orada dərs deyə. Buna deyərlər cağəsbi; yəni qabaqkı ali imarətdə namaz da batildir, hələ bəlkə çörək yemək də sahibinə haram yazılacaq.

 

*  *  *

 

Camə ğəsbi də budur ki, bir dövlətli şəxsin on dörd dəst köhnəlməmiş paltarı evdə boxçada ola-ola gedə dərziyə, yenə paltar tikdirə; amma həmin ağanı əmndə saxlamaq üçün İsmayıl ağa tədibi üçün gedən qoşunlar dağda-daşda qışın şiddətli soyuğunda titrəyə-titrəyə sərhəddi müdafiə eləyələr, küçələrdə də yetim uşaqlar lüt-sərgərdan dolana-dolana düşüb ölələr.

Buna da deyər “camə ğəsbi”; yəni belə paltarda namaz qılmaq nə allaha xoş gələr, nə də vicdanlı bəndəyə xoş gələr.

 

*  *  *

 

Pəh, pəh, pəh! Bu da, maşallah, söz danışdı.

A kişi, vurun peysərindən dəli oğlu dəlini, cəhənnəm olsun qoysun getsin! Gör nə günə qalmışıq ki, dəlilər də gəlib bizə məsələ öyrədir.

 

Dəli.

“ Molla Nəsrəddin”,  1 şaban,  1339 ( 10 aprel, 1921),  N5



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info