Qonaq Kitabı
BOĞAZ MƏSƏLƏSİ

Allahu əkbər, allahü əkbər! Məni bir başa salan yoxdur ki, təzə hökumətimizin xariciyyə vəziri Milyukov axır nə deyir. – Deyir ki, gərək İstanbuldan türkləri yeri-dibli qovaq. Dardanel boğazını tutub onlardan alaq!..

Allahü əkbər, sübhanallah!

İndi biz nə tövr başa düşək? Aya görək cənab Milyukov zarafat eləyir, yainki ciddi sözdür. Əgər zarafat eləyir – çox əbəs yerə eləyir; qəsdən də əbəs yerə eləyir. Belə zarafat bir qəpiyə dəyməz.

Əgər doğru sözüdür,  onda bəs bunu nə tövr başa düşək ki, bir yandan Rusiya əhalisinə yalvarır-yaxarır ki, “ay amandı, haray, dad! Ey camaat Vilhelm yapışıb boğazımızdan istəyir bizi boğub öldürsün və təzə azadlığımızı əlimizdən alsın, yenə öz qohumu və dostu Nikolayı taxta mindirsin..”

Allahü əkbər! Vallah, billah, başa düşmürəm. Ay allahın mömin bəndələri, and verirəm sizi Nuxanın yüz min manatlıq gimnaziyasından ötrü həftədə iki ulaq yükü daşınan bünövrə daşlarına, bir məni başa salın görüm, aya Vilhelm bəy ki, doğru-dan da Milyukovun boğazından yapışıb istəyir boğsun, dəxi Dardanel boğazının günahı nədir ki, Milyukov da ora istəyir “şətəl” qatsın?

Allahü əkbər, sübhanallah!

Odur ki, atalar deyiblər: “Dəvədən yıxılıb höt-hötünü əldən qoymur”.

A balam, get işinə-gücünə. Mən ölüm get özünə iş axtar.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  30 mart,  1917,   N  8.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info