Qonaq Kitabı
BİZ

Biz nəyik?

Bəzi vaxt mən öz-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”. Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa. Bəlkə elə belə də lazımdır; bəlkə elə lazımdır ki, bizi bir şey hesab edib, bizdən ehtiyat eləsinlər?!

Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir; amma yenə biz özümüz öz əlimizlə öz işimizi xarab eləyirik. O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar ,– başlayırıq astarımızı göstərməyə ki, baxın, görün qiymətimiz on dörd şahı üç qəpikdir.

 

*  *  *

 

“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur. Keçən nömrələrinin birində həmin qəzet yazmışdı ki, “Balxçasaray şəhəri İstanbul ilə münasibətdədir, İstanbuldan göndərilmiş siyasi agentlər yuvasıdır. Qəhbəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə, xəyanət tədarükü görülür”.

Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa. Və lakin Qaspinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi sarıbaşlı firqədaşları indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər; amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur. Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi olan S.M. Toppuzov, o camaatın içi boşdur. Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, o millətin içi boşdur.

Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.

Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar. Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı[1] böyük görəndə baş yendirsinlər.

 

*  *  *

 

Budur bizim işlərimiz; biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.

Mən ölüm, üstünü açma.

 

                                                                                          Molla Nəsrəddin. 

“Molla Nəsrəddin”,  16 aprel,  1911,  N 14.



[1]  Rəsmi geyimin papağına vurulan dairəvi yaxud oval şəkilli nişan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info