Qonaq Kitabı
BİSMİLLA XİRAGİMA NİRRAGİM

Dünən axşam tələsik bazara girdim ki, Kasbar ağanın mağazası qapanmamış, dükanıma bir az şey-şüy alam. Yolda qabağıma qonşu Məşədi Məhəmmədin oğlu çıxdı, dedi ki: 

- Dadaş, mən hamama gedirəm, gəl sən də bərabər gedək.

Dedim:

- Balam, mən dünən səhər getdim. Bu gün tələsik işim var.

Dedi:

- Mən ölüm, dur gedək, iş sabah da görülər, bir yerə qaçmır ki!

Fikir etdim ki, düz deyir, müftə hamamı əldən qaçırmaq axmaqlıqdır.

Bərabər getdik. İki-üç saat hamamda özümü bir az qızdırdıqdan sonra evə gəldim, gördüm başım çox ağrayır. Haşa hüzurdan, arvadıma dedim ki, döşəyi rahlasın.

Bir az sonra bizim Cəfərin anası sevinə-sevinə gəlib dedi ki, ay kişi, bir görsən bizim Cəfərlə seminariyada oxuyan bacıoğlu Həsən işkolada nə xoş Quran oxumaq öyrəniblər; amma bizim oxumağa heç bənzəmir. Görünür, qoçaq müəllimləri onlara əsil ərəb-Misir üsulu  Quran oxumaq öyrədib.

Doğrusu çox yorulmuşdum, istəyirdim yatam; lakin bizim Cəfərin ərəb üsulu Quran öyrənmək xəbəri mənə özgə bir fərəh verdi. O saat: – ay Cəfər, ay Cəfər, gəlin görüm Misir üsulu Quran nə cür oxursuz? – deyə qışqırdım.

Uşaqlar gəldilər. Cəfərə dedim:

- Bərəkallah, oğul! Əminin gimnaziyaya verdiyi bir aləm pul müftə getmir. Misir üsulu “əlhəmdüllah”ı oxu görüm, qoçağım.

Cəfər başladı oxumağa:

- Bismilla xiragima nirragim. Əlğəmdü lillaxi yəbibül aləmin. Ərragima nirragim... – Dedim:

- Kəs, kəs!... Sağın oğlu! Bu ərəbcə deyil, “xaxol”cadır. Sənin də, sənə öyrədən müəllimin də!..

Övqatım lap təlx oldu, istədim uşağı döyəm, anası qoymadı ki, uşağın təqsiri nədir?

Bir az acığım gedəndən sonra, uşağı çağırdım, xəbər aldım ki, sizə gimnaziyada nə cür dərs verirlər? Uşaq başladı ağlaya-ağlaya nağıl etməyə:

- Dərslər təzə başlanandan şəriət müəllimimiz bizə dedi ki, açın Quranı oxuyaq. Biz də açdıq. Dedi:

- Oxuyun.

Dedik:

- Türkcə savadımız yoxdur, haradan oxuyaq?

Dedi.

- Türkcə bilmirsiniz bilməyin, nə eybi var, savad savaddır; türkcə olmasın, rusca olsun. Direktor da deyir hamısı birdir və başladı bizə Quran surələrini rusca yazdırıb əzbərlətməyə. Oxuyanda da həmişə deyir ki, Misir hafizləri[1] də belə oxuyurlar.

Dedim:

- Yaxşı, türk dili müəlliminiz sizə savad öyrətmirmi?

Dedi:

-Həftədə iki dərsimiz var, o da beşinci, altıncı dərsdə. Üç-dörd klas bir yerdə qarışıq oxuyuruq. Müəllim çatışdıra bilmir. Yenə yaxşı ki, böyük uşaqlar buraxıb gedirlər. Biz xırdalar qalıb bir az oxuyuruq.

Dedim:

- Yaxşı, böyüklər niyə oxumurlar?

- Deyirlər ki, direktor ki, qulaq asmır, imtahan da ki, yoxdur, niyə özümüzə zəhmət verək?

Dedim, bəlkə Cəfər yalan danışır, Həsənnən soruşdum ki, balam, seminariyada nə cür öyrədirlər?

Həsən qaş-qabağını töküb:

-Bizdə daha pis. Rus uşaqlarından vaxt yox ki, bizə bir zad öyrətsinlər, – dedi. Dedim:

-Türk dərsində rus uşaqlarının nə işi var?

Dedi:

- Biz də onu müəllimə dedik. Dedi ki, mən nə qayırım, direktor belə istəyir. Bu iş zakonda da yox; amma böyüklərimiz belə buyururlar. Bizim əlimizdən nə gəlir? Dedim:

- Yaxşı, Bakı müsəlmanları dəxi nədən ötrü Qori seminariyasına artıq pul verir ki, türk dərsi artıq oxunsun?

Dedi:

- Ay əmi...

Doğrusu, dəxi bu qədər açıq zülm və haqsızlığa davam gətirə bilmədim. Üstümü geyindim ki, gedəm direktoru görəm, deyəm ki, bu nə işdir, bizim başımıza gətirirsiniz? – arvad əlimdən yapışdı, dedi:

- Dəli olma, yatırsan, yat! Bu qədər uşağın atası, bu qədər müsəlman böyükləri səs çıxarmırlar, sənə nə olub? İstəyirsən bu çağında özünü qalmaqala salasan?

Bir tərəfdən yorğunluğum, o biri tərəfdən Cəfərin anasının danlamağı məni dayandırdı.

Dedim:

- Allah bəlanızı versin! Qoymursuz ki, adam bir iş görə. Di gəl, corablarımı çıxart yatım.

Yatdım; lakin yuxumda “bismilla xiragima nirragim” heç yadımdan çıxmırdı.

 

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, 15 noyabr, 1909, N 46.

 

 



[1]  Quranı əzbər bilən adamlar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info