Qonaq Kitabı
BİR ƏLDƏ İKİ QARPIZI TUTMAQ OLMAZ

Ömrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki an məmləkətra hər tövr həst əz dəsti-ma beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra mesle emruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi an vilayət sərfi-nəzər nümayənd”.

Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, filan, tarixdə və filan saatda varid olduq filan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.

 

*  *  *

 

Mərhum və məğfur şahın Azərbaycan və Gilanı əldə saxlamaq bir dəfə də fikrinə gəlməyib. Əgər gəlsə idi, Almaniyada ya Firəngistanda faytonçudan da soruşsaydı ki, “nə eləyim məmləkəti qonşular parçalamasınlar?” – o vədə allahın faytonçusu da cavab verərdi ki, “məmləkətə qanun qoydur, arvadları əsirlikdən qurtar, qızları oxut və ticarəti qabağa gətirməkdən ötrü yolları təmir etdir ki, heç olmasa, Təbrizdən Tehrana barı getmək olsun”.

Xeyr, mərhuma bu məsələlər lazım deyildi; onun fikri məhz  o yerdə idi ki, bəlkə imam yolunda bir az ağlamaqla axirətdə də özü üçün gözəl qızlardan və oğlanlardan tədarük eləsin.

Belə olan surətdə dəxi iki işi bir yerdə görmək olmaz: birisi ki, səhərdən axşamadək mərsiyəxanla oturub durdu, dəxi onun yadına politika işləri düşə bilməz; çünki bir əldə iki qarpızı tutmaq olmaz.

 

*  *  *

 

İndi gələk iranlılara. Bunlar kimdirlər? Bunlar Müzəffərəddin şahın halal oğlanlarıdır. Bütün İranda beş-on nəfər Firəngistan elmi oxumuş əşxası çıxandan sonra hər nə qədər ki, məxluq gözümüzə sataşır, bunlar hamısı ibadət əhli və ağzıdualı müsəlmanlardır ki, hər biri sübh yerindən qalxan kimi qulağı səsdə olur ki, görsün haradan minacat səsi gəlir. Müsəlman məmləkətlərində heç elə bir şəhər yoxdur ki, bazara çıxıb çarsuda böyük bir yığıncağa rast gəlməyəsən. Bazarın bu başından o başına keçmək mümkün olmur. Soruşursan ki, “bu nə qiyamətdir?”; cavab verirlər ki, “hacı İsmayıl mərsiyə oxuyur”.

 

 

*  *  *

Hələ bunu görə-görə və bilə-bilə bəziləri deyirlər ki, İranı almaq asan deyil; buyururlar ki, iranlıları təxsir eləmək mümkün deyil; buyururlar ki, əgər bir belə iş olsa, vətən yolunda fəda olmağa hazır olan İran balaları vətənə əl uzadan hökumətə o qədər dərdi-sər verərlər ki, axırda peşiman elərlər; necə ki, Finlandiya, Polşa, Elzas-Lotaringiya və qeyriləri.

Bəli, iranlıları firənglərə, polyaklara və finlərə oxşatdıq, qurtardı qoydu getdi. Elzasdan üç nəfər firəng əmələsini gətirib, qeyrətini qoyaram tərəzinin bir qabağına, bütün İranı qalxızar yuxarı; Polşadan üç nəfər övrət gətirərəm ki, bütün İrana cavab versin; Finlandiyanın üç nəfər hammalını Gilana gətirsəm, Rəştdə və Ənzəlidə hərəsi bir professor olar.

Müxtəsər, dünyada insanlar hamısı bir-birinə oxşayırlar; onlar da özlərinə görə bir adamdırlar, biz də özümüzə görə bir adamıq. Amma bircə təfavütümüz burasındadır ki, biz ibadət əhliyik... Lakin zəmanəmizin təqazasından belə məlum olur ki, dünyanı axtaran gərək ibadəti də bir az yumşaq eləsin; ibadətə gecə və gündüz məşğul olan gərək dünyaya dəxi aşiq olmasın; yoxsa, bir əldə iki qarpızı saxlamaq olmaz.

Kəlküttə “Həblül-mətin”i Azərbaycandan yana axırıncı nömrədə belə məsləhət görür ki, “Sərçeşmə bayəd giriftən babil”. Amma deyəsən fürsət fövtə verilib: çeşmə aşıb-daşıb, dünyanı götürüb; bəlkə Nuhun “ittihad” gəmisi ilə  bu “seylabeyi-əşki” bir tövr keçmək ola.

 

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  28 iyun,  1909,  N 26.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info