Qonaq Kitabı
BİKARLAR MƏHƏLLƏSİ

Təbrizdə bir gün bazarla gedirdim, gördüm küçənin sağ tərəfində və sol tərəfində divar dibində elə hey adamdır oturub baxır. Soruşdum:

-Bunlar niyə burada oturublar?

Dedilər:

-Bikardılar.

Oturanların bir parası ki, övrət-uşaqdırlar, əllərini açıb, gəlib-gedəndən çörək pulu istəyirdilər, qalanları da kimi bitlənirdi, kimi mürgüləyirdi.

Bu heyndə maliyyə qulamlarının[1] biri qoltuğunda bir dolu təlis, içində dörd min tümən pul, gəldi girdi bir yekə və ali imarətə. Mən istədim biləm ki, bura haradır və hansı idarədir. Girdim içəri, gördüm ki, bir neçə otaqda çox əşxas oturub. Kimi qəlyan çəkir, kimi elə bikarçılıqdan mürgüləyir.

Soruşdum.

-Bura haradır?

Dedilər:

-Kargüzarxanadır.

Dedim:

-Yəni necə kargüzarxana?

Cavab verdilər ki:

-Bura həmin idarədir ki, əgər bu idarə olmasa, Azərbaycan ümuratı məəttəl qalar və heç bir əncam tapa bilməz.

Dedim:

-Xub, yəni bu idarənin vəzifəsi nədir?

Dedilər:

-Bu həmin idarədir ki, əcnəbi konsulları məhz bu idarənin vasitəsilə Azərbaycan hökumətilə rabitə saxlayır.

Dedim:

-Çox gözəl, dəxi bu əzəmətdə idarəyə nə lüzum? Bir surətdə ki, iki-üç konsul ilə sual-cavabda olmaq üçün tək bircə məmur kifayət edərdi; məsələn, Tiflis kimi bir böyük mərkəzdə həmin bir nəfər məmur on dörd konsula cavab verirdi və cavab alırdı, özü də əyalətin qoltuğunda bircə otaqda bir münşi[2] ilə əyləşirdi və ayda ikisi birlikdə ancaq yüz tümən dövlətdən hüquq alırdı.

Mən xəyalatda idim ki, gördüm maliyyə qulamı təlisdəki pulu tökdü yerə və başladı bikar ağalara paylamağa.

Mən dedim:

-Xub, əgər məqsəd pulu bikarlara paylamaqdır, bəs küçədə bikar adam çoxdur, səbəb nədir ki, bu pullar kargüzarxana bikarlarına halal olub, küçə saillərinə[3] haram olub? Ağaların biri ki, qəlyan çəkirdi, üzünü mənə tutub dedi:

-Molla əmi, əlbəttə, bunun səbəbi var. Səbəbi budur ki, kargüzarxana, doğrudur, indi bikardır və bikar ola-ola ayda dörd min hüquq alır, amma bizim kargüzarxanamız keçəcəkdə vətənə çox xidmət edib. Əgər sən “Acıkörpü vaqiəsi”ni yada salsan, özün də bu mətləbi təsdiq edərsən və bilərsən ki, bu pullar bizə həqiqətdə gərək halal olsun. Amma sən Molla əmi, əgər biqərəzanə danışmaq istəyirsən, gərək bunu da buyurasan ki, Azərbaycanın qeyri nöqtələrində on dörd belə bikar kargüzarxanalar var. Bəs niyə sənin gözün ancaq bizi görür? Bəs onlara nə deyirsən?

Mən bu ağanın cavabında məəttəl qaldım, ancaq Şeyx əleyhirrəhmənin sözü yadıma gəldi:

 

Eyləyir küçədə təlaşi-çörək,

Sübhü, zöhrü, əsr üryani-çənd.

Gərək tora dər behişt başəd cay,

Sailan duzəx ixtiyar konənd.

 

Amma öz aramızdı, məni həyətdən söyə-söyə saldılar küçəyə.

 

 

Mozalan.

“Molla  Nəsrəddin”,  10 cəmadiyəs-sani,  1339 (20 fevral, 1921).  N 1.



[1]  İşçilərinin.

[2]  Kitab

[3] Dilənçilərinə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info