Qonaq Kitabı
BİKARLAR BAYRAMI

Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küçə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə qənd doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.

Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqda bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.

 

Hər dəm gələr fəğani dili-zarim, ağlaram.

Soldu xəzani-zülm ilə gülzarim, ağlaram.

 

Bunların dalınca üç-dörd yüz camaat ağlaya-ağlaya gəlir.

Qabaqda gələn və sinəzən oxuyan şəxsi mən tanıyıram. Bunun adı Məşədi Səfərquludur. İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı və miravoy sudya[1] buna ay yarım dustaq kəsmişdi.

Məşədi Səfərqulunun dəstəsində olan adamları da tanıyıram: bunların biri Kərbəlayı Heydərdir ki, bir neçə ay bundan qabaq öz dostu Kərbəlayı Cəfərin doqquz yaşında oğlu Zeynalı xəlvət bir yerdə bihörmət eləmək istəmişdi. Allah rast salmışdı ki, gəlib uşağı namərdin əlindən xilas eləmişdilər.

Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa.

Xülasə, bu dəstədə bir müsəlman görmürəm ki, ondan bir haramzadalıq və xəyanət baş verməmiş ola.

Bəli, sinəzəm oxunur:

 

Hər məclisi-əzadə məni-zarü binəva

Ta var dilimdə qüvvəti-köftarim, ağlaram.

 

İndi hər kəs məndən soruşsa ki, “niyə ağlayırsan?” – cavab verərəm ki:

-Ağlamağımın səbəbi, ağlamağımın səbəbi, ağlamağımın səbəbi...

Səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram və bir çarəm də yoxdur.

Müsəlman qardaşlardan da təvəqqe edirəm ki, həmişə məsciddə yağlı başlarına döyüb ağlayanda və birisi bunların ağlamağının səbəbini soruşanda belə cavab versinlər, desinlər ki,

“ – Biz ağlayırıq ona ki, dünyada hər bir millətin içində quldur söhbəti düşəndə - Qafqaz müsəlmanları yada düşür.

– Biz buna ağlayırıq ki, dosta və qardaşa xəyanət etməkdə, haramzadalıqda, namərdlikdə biz Qafqaz müsəlmanları dünya və aləmə dərs verə bilərik.

İndi də yığışmışıq məscidə və başımızı döyüb oxuyuruq:

 

Bəzmi-vüsaldən məni saldı fəraqə çərx,

Qaldı qiyamət-məhşərə didarım, ağlaram.

 

Yəni Tiflisə yolum düşəndə orada bir urus uşağı gördüm. Ax! ax!.. Dəxi olub gedib; elə bir “mal” bir də görə bilməyəcəyəm”.

 

 

Molla  Nəsrəddin.

“Molla Nəsrəddin”,  13 dekabr,  1909,  N 50.

 

 



[1]  Sülh məhkəməsi (inqilabdan əvvəl).



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info