Qonaq Kitabı
BİBİHEYBƏT ZİYARƏTGAHI

Bakının qiblə ilə gün batan tərəfində, təxminən 7 verstlikdə Bibiheybət kəndin-də İmam Museyi-Kazimin qızı və İmam Rza əleyhüssəlamın bacısı Hökümə xatun əleyhüssəlamın mübarək qəbri mövcuddur. Bu qəbri-mübarək Bakı qoçularının və oğlan uşaqları ilə haman Bibiheybət ziyarətgahına eşqbazlığa səfər edən islam lotularının ziyarətgahıdır; necə ki, tarzənlər və xanəndələr toylarda həmişə çalıb oxuyurlar:

 

Getdim Bibiheybətə, bişirdim aşı,

Çağırdım allahı, tökdüm göz yaşı,

Xudaya, sən saxla bir cüt qardaşı

Ölürəm dərdindən, ay gözəl yarım!

 

Bu təsnifin 72 min təfsiri var, necə ki, bilatəşbih mollaların əqidəsində Quranın hər kəlməsinin 72 min mənası var; məsələn “Xudaya, sən saxla bir cüt qardaşı” – üləmanın bəzisinin kitabında bu iki qardaşdan Murad Məhəmmədsadıq ilə “Günəş” qəzetinin müdiridir ki, söz bir yerə qoyub, Bibiheybət ziyarətgahını Nəcəf uşaqlarının əlindən alıb, Bakı qazısının ixtiyarına versinlər.

Bir rəvayətə görə, iki qardaşlar ibarətdirlər “Günəş” qəzetilə Qafqaz şeyxülislamı cənablarından; çünki bunların hər ikisi zəmanəmizin indiki vaxtında dünya və aləm nəyə və nə işlərə məşğul ola-ola, vaxtlarını sərf edirlər nəyə, nəyə, nəyə? – Bibiheybət ziyarətgahını uzun məqalələr ilə bir qat daha səsləndirib, məhərrəmlikdə bütün bakılıları üzləri palçıqlı... bilməm nəli, oraya doldurmağa!

Təəccüb buna edirik ki, “Günəş” qəzeti şeyxülislamımız cənablarını tanımır. Çox təəccüb!

Pişnamazzadə qabaqlarda da müsəlmanların yolunda az-çox zəhmətlər çəkib, şeyxülislam məqamında da xüsusən məktəblər barəsində hədsiz yazılar yazıb, sözlər danışıb və Qafqazın cəmi qazı və mollalarını ayaq üstə durğuzub ki, kəndlərdə gərək məktəb açılsın. Bunu cəmi Qafqaz müsəlmanları bilir. Əgər  “Günəş” qəzeti  bilmir, təqsir özündədir; bundan sonra bəzi adamların sözlərinə qulaq asıb, mühüm səhvlər eləməsin. “Günəş” qəzeti Bakıda otura-otura heç olmasa, bunu gərək duyaydı ki, bu işlərin cəmisi Bakı qazısının tədbiridir ki, bir tərəfdən Bibiheybət ziyarətgahının mədaxilinin ixtiyarını əlinə alsın, bir tərəfdən də Pişnamazzadəni camaat nəzərində töhmətləndirsin.

Az qalır on doqquz il tamam olsun ki, Bibiheybət məsələsi “Günəş”in səhifələrindən əskik olmur. Bibiheybət ziyarətgahı, Bibiheybət ziyarətgahı, Bibiheybər ziyarətgahı!...

Bəli, söz yox, bu məsələ çox əhəmiyyətli məsələdir. Aya görək Bibiheybətdə dəfn olunan kimdir? Həzrət Museyi-Kazim əleyhüssəlamın qızı xatundur, ya xeyr?!

Xudanəkərdə, birdən Hökümə xatun olmaya, onda dəxi cəmi müsəlmanların beli qırılacaq, İran əldən gedəcək, yerlər dəyəcək göylərə, göylər dəyəcək bir-birinə, ildırım şağıyacaq, zəlzələ olacaq!

Vaqeən, dürüst ərz edirəm, bəlkə indi xudanəkərdə Bibiheybət ziyarətgahında dəfn olunan Hökümə xatın olmadı? Onda bəs biz biçarə müsəlmanlar başımıza nə çarə qılaq?

İnsaflı oxucularıma yalvarıram ki, mənim bu iki kəlmə sözümü də oxusunlar: Məhəmmədsadıq və “Günəş” qəzeti 83-cü nömrədəki məqalənin ikinci sütununda ağlaya-ağlaya yazırlar ki: “Əcəba, sair dini moqufatımızı, bu ümuri-diniyyələrimizi öz əlimizə alıb, şəriətimizi hökumət təhti-nəzarətindən çıxartmaq əvəzində şeyxülislamımız nə iş görür? Filan və filan”. Və haman məqalənin qabaqkı sütununda haman Məhəmmədsadıq özü deyir ki: “Keçən ildə Bakı vilayət qazısı Bakı qradonaçalnikinə rücu edib orada (Bibiheybətdə) olan müfsid şəxslərin kənar olunmalarını təklif etmişdi”.

Dəxi sözün nədir, gözüvə dönüm? Əgər ümuri-diniyyəmizi hökumətə mühəvvəl etmək sənin xoşuna gəlmir. Bibiheybət ziyarətgahını hökumətin əvvəl yadına salan Bakı qazısıdır ki?!

İndi gələk Pişnamazzadə cənablarına. Bu yazıq da baxıb görür ki, iş işdən keçib, görür ki, indiyə kimi ziyarətgahın mədaxilini Nəcəf  uşaqları yeyəndən sonra indi də Bakı qazısı dişlərini itilədib. Və bu işləri bu halda görəndən sonra, şeyxülislamın təklifi dəxi o imiş ki, eləyibdir. İndi hər kəs bizə isbat eləsə ki, Mir Məhəmməd Kərim ağanın tamahı Nəcəf uşaqlarının tamahından  əskikdir, biz “vinavat”[1] olarıq.

Amma torğ[2] məsələsinə gəldikdə, dəxi bir sözümüz yoxdur. Doğrudan, məgər Bibiheybət ziyarətgahını da torğa qoymaq olar?  A kişi, vallah, dünya “kunfəyəkun[3]. Vallah, zəlzələ Bakını dağıdar. Sən allah, bir insaf elə! Bu da Bakı qəzavatxanası deyil ki, siğələr torğa qoyulsun?!

A kişi! Bir allahdan qorx, yazıqsan!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  5 yanvar,  1911,  N 1.

 

 



[1]  Taqsırkar.

[2]  Ümumi satış, müzaidə.

[3]  Alt-üst olar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info