Qonaq Kitabı
BƏZİ İŞLƏR

Seyid Abdulla Bəhbəhani ki, əvvəllər özünü məşrutəpərəst qələminə vermişdi ki, bu yavıqlarda Tehrana gəlib, təzə hökumətə bir ərzihal verib və yazıb ki, “bu axır vaxtlarda Tehranda üç pis adət əmələ gəlib: əvvəlincisi – övrətlərin küçələrdə görükməsi; ikincisi – camaatın projektora[1] getməsi; üçüncüsü – evlərdə və divanxanalarda telefon saxlamaq və telefon ilə danışmaq”.

Bu haman Seyid Abdulla Bəhbəhanidir ki, İranda məşrutənin əvvəlinci günlərində bunun adını qırmızı bayraqlara yazıb gəzdirirdilər.

İndi də belə.

 

*  *  *

 

Təəccüb budur ki, belə qəribə insanlar İranda az deyillər; məsələn, götürək İclalül-Mülkü. Elə ha eşidirdik ki, “Məşrutəçi İclalül-Mülk”, “Hürriyyətpərəst İclalül-Mülk”, “vətəndust İclalül-Mülk”.

Amma indi?

İndi hər kəsi dindirirsən, deyir: “Müstəbid İclalül-Mülk”, “Zalim İclalül-Mülk”, “Xain İclalül-Mülk”.

Yəni bir az insaf ilə danışsaq, bunlarda günah yoxdur. Torpağın da təsiri hesabdır.

 

*  *  *

 

Molla Əbdürrəşid əfəndi gedib gəzib, gəzib, axırda başlayıb ki, dünyada nə qədər ki gözü bağlı tayfalar var, onların hamısından başı qapazlı, ayağı patavalı, ağzı doşablı, qulaqları kar və beyinləri çürük – müsəlman tayfalarıdır.

İbrahimovun yazdığına görə, Hindistanın paytaxtı Bombey şəhərində müsəlmanların yüzdən artıq məscidi var, amma ikicə mədrəsələri var ki, orada da əlli şagirddən artıq yoxdur. Müsəlmanlar məcusi hindilərə nisbətən çox geridə qalmışlar. Hindlilərdən məhkəmələrdə və hökumət idarələrində məmurları var, amma müsəlmanlardan yox kimidir.

Bu sözləri yazandan sonra “Vəqt” qəzeti ürəkdən bir ah çəkib deyir: “Müsəlmanların halı Çində də, Hinddə də, Rusiyada da, Türkiyə və İranda da birdir. Bunlara hava, iqlim, gördükləri və eşitdikləri təsir etmiyor”.

Biz də Əbdürrəşid İbrahimovdan və “Vəqt” qəzetindən təvəqqe edirik ki, təzə sözləri varsa, danışsınlar, xalq qulaq assın. Bunlar köhnə sözdür.

 

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  6 dekabr,  1909,  N 49.

 

 



[1]  Kinoya.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info