Qonaq Kitabı
BƏLA

Bu Təbriz-Culfa dəmir yolu da başımıza bəla oldu!.. Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri yetişib, biri də bu dəmir yoludu. Mağul keçən vaxtlar dəvə karvanları düzülürdü yola, ticarət malını yükləyirdik dəvələrə, bir həftə-on günə Təbrizdən sağ-səlamət gedib yetişirdi Culfaya.

Bəli, dəmir yol çəkdilər ki, tərəddüd guya asan olsun və sürətli olsun; guya ki, bizi atlı qovalayır, guya ki, bu dəmir yol ilə bizim cavanlar gedib Almaniya, Amerika darülfünunlarında dərs oxuyacaqlar.

İndi gəl, bu da sənə dəmir yolu! İşə düşəndə ilan kimi burulur və öküz kimi anqırır; dəvələri və kəndlərdə arvadları qorxudur, işə düşməyib yatanda bir para bikar adamlar başlayırlar hökuməti və tacirləri məzəmmət eləməyə ki, bax gör bu iranlıların himmətinə! Nikolay on iki milyon pul sərf etdi və bunlara dəmir yol qoydu getdi, amma bu təşəxxüsdə hökumət və bu qədər dövlətmənd tüccar bir balaca dəmir yolu abad saxlamağa acizdirlər.

Mən ölüm, bir gör nə danışırlar?

Qardaş, aciz niyə oluruq? Əvvələn, biz hamıdan ağıllıyıq və hamıdan qoçağıq. Qoçaqlığımızın biri budur ki, görürsən gürcü camaatı öz cibindən pul çıxardıb, Kaxet dəmir yolunu qayırdı, amma biz işi elə gətirdik ki, dəmir yol bizə müftə qaldı. İkinci də budur ki, özgələrin dəmir yolu nahaq yerə gecəni də, gündüzü də işləyir və bir aləm neft yandırır, bir aləm əmələni və qulluqçuları məəttəl eləyib, bunlara bir aləm pul paylayır, amma biz baxıb görürük ki, dəmir yol bizə lazım olanda on altı yümənlik odun alırıq yandırırıq və qoşunlarımızı mindirib bir yana yola salırıq; yainki bir yerə mal göndəririk. Amma elə ki, bizə qoşun göndərmək və mal göndərmək lazım olmadı, - onda dəxi yolun işdə olmağının nə lüzumu?

Onda da yolu qoyuruq yatır, əmələləri də göndəririk kənd-kəsəyə.

Doğrudur, bir para ağzıgöyçəklər deyirlər ki, yol işdə olmayanda başlayır dağılmağa, çöl əhli tökülür dəmir-dümürünü söküb aparır.

Cəhənnəmə aparır, gora aparır! Sağ olsun dəvələrimiz! Yoxsa mən əlimnən götürüb ayda üç min tümən verim ki, yol işləsin? Cəhənnəmə işləsin, gor da yanınca! Sağ olsun ulaq-qatır karvanımız! İşində ol!

 

Mozalan.

“Molla Nəsrəddin”,  6 ramazan,  1339 (15 may, 1921),  N 8.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info