Qonaq Kitabı
BAYRAMLAR

Dünən getmişdim poçtxanaya atama pul göndərəm. Poçtun qapıları bağlı idi. Soruşdum:

-            Nə səbəbə?

Dedilər ki, bayramdır. Xaçpərəst bayramıdır.

-            Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu gün müqəddəs İvanı qətlə yetiriblər (Ay namərdlər!).

Keçən həftə getmişdim şəhər idarəsindən paşburt alım; çünki səfərim var, anam tel göndərib durma gəl. Gördüm şəhər divanxanası bağlıdır. Niyə?

-            Bu gün xaçpərəst bayramıdır?

-            Yəni xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, haman mübarək gündür ki, müqəddəs Marqosun ad qoyulan günüdür.

Dəxi o günü paşburt ala bilmədim və yolumdan da qaldım.

Yenə bir neçə gün bundan əqdəm divanxanalar və bazar-dükanlar bağlı idi. O gün yenə soruşdum ki, bu gün niyə dünya və aləm məəttəldir? Cavab verdilər ki, xaçpərəst bayramıdır.

Soruşdum:

-Xaçpərəstlərin hansı bayramıdır?

Dedilər ki, bu gün də həmin gündür ki, müqəddəs Silvestrin dişi laxlayıb.

Sonra yadıma saldım ki, ay dad-bidad, bir geri çön gör, bu minval ilə keçənlərdə biz başıdaşlı müsəlmanların başına nə iş gəlib? Bir yada sal gör, bu müqəddəs ivanların, mübarək silvestrlərin, göydən gələn nikolayların, andreylərin ad qoyulan günləri nə qədər biçarə müsəlman qardaşları bağlı divanxanalar qabağında, bağlı dükan qabağında aciz və avara qoyublar!

Ey dad-bidad, bir yada sal gör o günləri ki, qaradavoylar və strajniklər şallaq gücünə müsəlmanların dükanlarını bağladıblar ki, bu gün məsələn, “Vladimir bayramı”dır.

-Bəs bu gün niyə idarələr bağlıdır?

-Bu gün də Qriqorinin başına soyuq dəyib.

-Bəs bu gün niyə oğlun dərsə getməyib?

-Bu gün də müqəddəs Pyotr yuxu görüb.

-Bəs bu gün niyə Bakı müəllimləri tətil ediblər?

-Bu gün Pavel bayramıdır.

-Bu gün Aleksandr bayramıdır.

-Bu gün niyə yavansız?

-Bu gün dükan-bazar bağlı idi.

-Niyə bağlı idi?

-Bu gün Dionisi həzrətlərini suya çəkiblər.

-Bu gün İoan Krestitelin boynunu vurublar.

-Bu gün Ksenofont bayramıdır.

Silvestr, Yevstafi, Pulxeria, Afanasi, Yeremiya, filan, filan və minlərcə bu cür müqəddəslər var ki, hamısının adını yazsam, fazil Mirzə Baratın məqaləsindən uzun olar.

-Bəs nə vaxtadək, qardaşım?

-Dəxi indi sözün nədir, yoldaşım?

Bəs nə vaxtadək belə zorba-zorluqlar davam edəcək? İndi də ki, gorbagor düşmüş Stolıpin əsri deyil? Bəs indi sözün nədir?

Əgər bundan sonra da müsəlmanların üzünə hökumət idarələri müqəddəs Afanasi adı ilə “prazdnik” deyilib bağlanacaq - dəxi nə azadlıqbazlıqdır?! Əgər bundan sonra da müsəlman ölkələrində olan hökumət polisxanaları müqəddəs ivanların naminə bağlanacaqlar, dəxi bu hürriyyət olmadı!!!

İndi sözün nədir, ay belə sənin qadanı alım?

Əgər indi də belə-belə zarafatları eləyəcəksən - dəxi bu ki, oyun-oyuncaq oldu, a belə sənin başına dolanım!

Mən ölüm incimədin ki?

 

                                                                                            Molla Nəsrəddin.

                                                          “Molla Nəsrəddin”,  12 may,  1917,  N  12.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info