Qonaq Kitabı
BAŞ

Elm sahibləri, fənn sahibləri bir dəqiqə bikar deyillər; gecə və gündüz çalışmaqdadırlar ki, təzə bir elm, təzə bir fənn kəşf eləsinlər. Elm və fənn sahiblərinin bu növ çalışmaqları, əlbəttə, nəticəsiz qalmır və qala da bilməz və görürük ki, hər il təzə bir iş, ağıla sığışmayan bir xəbər, ağıl kəsməyən bir əməl qulağımıza çatır; ya həkimlik işlərindən, ya mexanika və elektrik dairələrindən, yainki xud kimya və təbiət aləmindən.

Rahatlıq bilməyib çalışan alimlərin vücudları biz sadə bəndələr üçün çox bahadır; ondan ötrü ki, o alicənabların növ-növ ixtiraatının bərəkətindəndir ki, biz vaporun[i], teleqrafın, təbabətin nemətlərindən nəfbərdar oluruq.

 

Rus, alman, firəngilər həmə dər karənd,

Ta to nani bekəf ari və bərahət bexori.

Həmə əz bəhri to sərkəştəvü fərman bərdar,

Qul edib onları tari sənə səndən ötrü.

 

 

*   *  *

 

Möhtərəm oxucularımıza ərz olsun ki, tibb aləmindən axır vaxtlarda danışılan məsələ “anabiyoz” məsələsidir ki, rus professorlarından məşhur Baxmetyev cənabları tərəfindən icad olunubdur. Cənab Baxmetyevin ixtirasının əsli budur ki, cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarı diri olurlar, yarı ölü olurlar; yəni nə diri demək olur, nə ölü ; nə canlı kimi hiss edirlər, nə ölü kimi hissiz olurlar.

Professor cənablarının fənni imtahanları elə bir qəribə nəticə bağışlayıb ki, bu xüsusda tamam Avropaya şöhrət salıb; hətta Amerika ruznamələri gün olmur ki, bu barədə yazmasınlar.

Təqribən bir ay bundan qabaq Parisdə həkimlər məclisində Baxmetyev cənablarının nitqi biz müsəlmanlar üçün xeyli əhəmiyyətlidir; çünki həmin nitqdə bəyan olunan mətləblərin biri budur ki, dünyada yaşayan başları qırxıq millətlər həmişə “anabiyoz” halında yaşayırlar. Səbəb budur ki, qışda şiddətli soyuq təsirindən qırxılmış başlar “anabiyoz” olurlar; yəni donub nə ölü olurlar, nə diri.

 

 

“MÜRDƏƏND, VƏLİ ZİNDƏ”

 

Hərçənd haman məclisdə cənab professora irad edən olub, lakin bu məsələ yenə şayani əhəmiyyətdir; məsələn, islam aləmindən xəbərdar olan məşhur fransız səyyahı müsyo Lizurtaj cavab verib ki, qışın şiddətli soyuğu müsəlman başlarını “anabiyoz” halına sala bilməz; zira ki, müsəlmanlar gecə-gündüzün iyirmi dörd saatından səkkiz saatını isti hamamda keçirirlər ki, həna və rəng yaxşı tutsun.

Qəzetlər yazır ki, müsyo Lizurtajın cavabı təsirsiz qalmayıb; çünki firəngcə oxuduğu nitqi Sədinin şeirlərilə itmama yetirib:

 

Bələğəl-üla behəmamihi,

Kəşəfəddüca-behecamihi,

Həsənət cəmii xisalihi,

Səllü əleyhi və alihi.

 

                                                                                                   Molla Nəsrəddin.

“Molla Nəsrəddin”,  26 iyun,  1913,  N  18.



[i]  Paraxod.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info