Qonaq Kitabı
BAMBILILAR

Bir neçə gün bundan qabaq Tiflisdə xəbər çıxdı ki, Ənvər paşanı, Tələt paşanı, yenə bilmirəm hansı paşanı öldürüblər, Soltan da özünü öldürüb, İstanbulda böyük hərc-mərcdir və türklərin axır nəfəsidir və labüddürlər ki, ruslarla ayrıca barışıq eləsinlər.

Lazımdır demək ki, Yevropa davası başlanandan bu yana belə-belə xəbərlər ildə bir neçə dəfə çıxıb və necə ki, indiki xəbərin əsli yalan olub, keçən qaydaq çıxan xəbərlər də əslsiz və yalan olublar.

Kimdir belə-belə “dəllal Fatmanisə” sözlərini ortalığa salan? Kimdir bu yalanları nəşr edən? Hardadır bu böhtan karxanası?

Bu suala cavab verməkdən qabaq gərək qayıdaq keçən günlərə:

Bəli, Yevropa davası düşdü. Almanlar gəldilər, ruslar...

Bunu da oxuculara ərz edim ki, haman vaxtlar Rusiyanın ən məşhur qəzeti “Russkoye slovo”nun bir mühərriri var idi ki, adı da Mixaylovski idi. Ruslar əvvəlinci qalanı almanlara təslim edəndə cənab mühərrir yazmışdı ki, heç eybi yoxdur, almanlar bizim qalanı alarlar, biz də acıqnan gedib Dardaneli alarıq.

Bir neçə vaxt keçəndən sonra – necə ki, məlumdur – ruslar ikinci qalanı almanlara təslim elədilər. Onda yenə Mixaylovski yazmışdı ki, heç eybi yoxdur, onlar bizim qalanı alarlar, biz də gedərik İstanbulu alarıq və Aya-Sofiya məscidinin ayını yendirərik, yerinə xaç qondararıq və axırda ruslar Brest-Litovsk qalasını qoyub qaçanda – necə ki, məlumdur – Rusiyanın xarici vəziri və duma üzvü həzrət Milyukov bir yuxu görmüşdü ki, guya bunun binə babası qədim rus knyazı Oleq vaqeədə gəlib Milyukovun yanına və deyir: ey mənim çeşmimin nuru, sən bilsən ki, min il bundan qabaq mən qalxanımı aparıb vurdum yunanların İstanbulunun qala qapısına, bundan ki, asan iş yoxdur! Dəxi niyə durub baxırsan? Dəxi nəyin məəttəlisən? Dəxi niyə gözlərini bərəldirsən? Götür qalxanı, “ay allah” de, çağır mixaylovskləri və buna oxşar rus vətənpərəstləri, götür Qafqaz millətlərindən ermənilərin, müsəlman nücəbalarının bir para ruspərəstlərini, çağır özünə köməkçi İran xanlarının bir paralarını, götür yanınca şiə şəriətmədarlarının bir neçə qeyrətdən uzaq olanlarını – bunlardan bir dəstə tut, qalxanı ver Gəncə  tərəfində bir zorba qolu qüvvətli ağanın dalına ki, adı yadımdan çıxıbdır, düz get İstanbula və sən də mənim təki qalxanı qalxız nəsb elə İstanbulun qapısına.

Bəs möhtərəm oxuculara məlum olsun ki, Osmanlıdan ayda bir gələn xəbərlər, haman yuxarıda  ərz olunan vaqeənin “tətimmə”sidir[1]. Çünki biçarə Milyukov bir  tərəfdən görür ki, almanlar yumruqlarını dikəldib eşidib dostlarına deyir: “be Piter rəvəd, be Dardanel rəvəm”.

Bu yuxunu da eşidən elə bilər ki, İstanbulda doğrudan Ənvər paşalar ölüblər ki, bu bambılıları ora qoysunlar. Anan ölsün, ay Ənvər!..

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  11 oktyabr,  1917,  N 19.



[1]  Axırı, əlavəsi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info