Qonaq Kitabı
BALLI BADIMCAN

Ballı badımcan xala,

Qoyma qızı çox qala,

Sinni çatıb doqquzu,

Lap da gəlibdir hala.

 

- Mən nə deyirəm, Nurcahan bacı, bir allah bəndəsi olsun, qızı verək getsin. Amma hələ bir yaxşı yerdən istəyən yoxdur. Mən də qızımı çölə tullaya bilmənəm ki, verəm hər bir baqqala.

 

Ay xalacan, ballıca,

Bir kişi var xallıca,

Heç də deyildir qoca,

Adı Həsən xan, bala,

Qoyma qızı çox qala,

Bəlkə Həsən xan ala?

 

-            Nurcahan bacı, qadan alım, axı Həsən xan əba örtmür, lümə palton geyir. Mən qızımı necə verim hər çaqqala.

 

Ballıca qurban sənə,

Mirzə Süleyman genə

Eylədi peyğam mənə.

Qoyma qızı çox qala,

Çünki gəlibdir hala,

Bəlkə Süleyman ala?

 

-            Nurcahan bacı, vallah deyirlər Mirzə Süleyman teatrdı nədi orda oyunbazlıq eləyir. Heyf deyilmi gül kimi qızımı verim belə bir naqqala?

 

Pəs elədə, ay bacı

Qonşuda var bir hacı,

Sinni çatıb həştada,

Çox da deyildir acı.

Qoyma qızı çox qala,

Çünki gəlibdir hala,

Bəlkə hacıcan ala?

 

-   Ay Nurcahan bacı, allah atana rəhmət eləsin, bax bu hacıya nə demişəm, nə demişəm bu qırmızı saqqala!

 

Dabanı çattax  xala.

“Molla Nəsrəddin”,  31 mart,  1921,  N4.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info