Qonaq Kitabı
BAİS

Bais, evin dağılsın.

Əlbəttə ki, dünyada pislik yerdə qalmaz, əlbəttə, zalımlar cəzalarını çəkəcəklər. Uşaqlıqda qonşumuz Fatma xaladan bir belə qarğış hər gün eşidərdim, deyərdi ki: “bais, evin dağılsın”.

Nuxu naçalniki Məhəmməd ağanın evi yəqin ki, bir gündə dağılacaq. A qardaş, naçalniksən, başını sal aşağı, qeyri naçalniklər kimi səhər dur get divanxanaya, kağızlara qol çək, saat birdə çıxart saatı bax və şaşkanı bucaqdan götür partupesini keçirt çiyinlərinin altına, çıx qoy get evinə.

Yoxsa bu nədir başlamısan ki, “mən gərək oğruları və quldurları çörəkdən salam”. Vallah, baiskarlıq yaxşı şey deyil, vallah, Fatma xalanın qarğışından qorx və bu işləri səhl[1] sayma. Bu qədər sənin barəndə verilən danoslar, bu qədər şpiyonluqlar öz tutduğun əməllərin nəticəsidir.

Yoxsa bu işlər zarafat deyil, hər birinin bir səbəbi var.  Və bir də bunu da nəzərə al ki, sən müsəlman içinə düşmüsən, gərək öz baxtından küsəsən.

 

Cırcırama.

“Molla  Nəsrəddin”, 14  fevral,  1910,  N 7.

 

 



[1]  Asan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info