Qonaq Kitabı
BAHALIQ

İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır.

Bu bir aşkar mətləbdir ki, İstanbul inqilabına Nəcəf  şiələri qarışmaya bilməzdi-lər: anadan doğma hürriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub,  əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa.

Dəxi evdə kim qalacaq idi ki, toyuqlara dən səpsin və altlarına yumurta qoyub təzə cücə əmələ gətirsin!

Sən deyəcəksən – arvadlar.

Axı, qardaş, elə sözü danışma. Biçarə Nəcəf arvadları uşaqların tərbiyəsinəmi məşğul olsunlar, camaat işlərinə çalışsınlar, ingilis hürriyyətpərəst xanımlarınamı köməyə getsinlər, qız məktəblərimi açmağa qarışsınlar, yoxsa toyuq-cücə saxlasınlar?!

Vaxtları hardan idi?!

Budur ki, indi Nəcəfdə cücənin biri bir manatdır və əgər bu cür hesab eləsək, gündə bir nəfər müctəhidin plovuna azından üç dənə cücə lazımdır, – belədə gör yazıq müctəhidlərin xərci nə qədər olmalıdır! Odur ki, Tehran hökuməti bu yavıqlarda özünün onsuz da boş kisəsindən Nəcəf müctəhidlərinə on min tümən cücəplov xərci göndəribdir və hərçənd məclisimillidə vəkillərin bəzisi bu işi xoşlamayıb, amma bir kəsdə cürət olmayıb dillənməyə.

 

 

*  *  *

 

Burada biz bir şeyə təəccüb edirik. Aya görək məctəhidlər kimya elmini bilirlər, ya yox? Əgər desək ki, bilmirlər, – onda bəs nə bilirlər? Halbuki, ağalar bütün ömr-lərini buna sərf edirlər ki, iksir vasitəsilə bir şeyi döndərib özgə bir şey eləsinlər.

Fəsli-əvvəl dər iksir və dər on babi-şeş nöqtə göftə mişəvəd. Nöqteyi-əvvəl: iksiri maülvərd, yəni suyu gülab eləmək; nöqteyi-dövvüm: iksirül-əsəl, yəni südü  bal eləmək; nöqteyi-seyyüm: iksirüd döhn, flan və flan.

Allah şahiddir ki, dünyada heç elə elm və fənn yoxdur ki, müctəhidlər onda məəttəl olsunlar.

Bəs nə bir çətin şeydir, bir parça dəmiri, ya misi götürüb qızıl eləmək? Əgər bir belə iş mümkünsə, dəxi insafdırmı ki, İranın indiki kasıb vaxtında hələ ondan pul da almaq?

Doğrudur, Nəcəfdə cücə bahalanıb, cücəsiz plovun da elə bir ləzzəti yoxdur. Çox əcəb, məgər qonşudan oğurlamaq olmaz?! Oğurluq da və quldurluq da bundan yaxşıdır.

- Adə, dəli olmamısan ki?... Nələr danışırsan?

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  20  iyun,  1910,  N 24.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info