Qonaq Kitabı
AZƏRBAYCAN

Ax unudulmuş vətən, ax yazıq vətən!

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.

Bəs sən hardasan, ay biçarə vətən?!

Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!... Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.

Bununla bərabər, yəni “bavücud inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bununla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zindeyi-zəhləmi aparır – haman söz Azərbaycan vətənimin üstündədir.

Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

- Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

- Dilim nə dildir?

- Azərbaycan dilidir.

- Yəni vətənim haradır?

- Azərbaycan vilayətidir.

Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.

- Haradır Azərbaycan?

- Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun.

Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxılırdı ki, aya bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun. Biri dedi rusca, biri dedi osmanlıca. Axırda belə qərar qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara izn verilsin ki, rusca danışsınlar. O ki, qaldı rus darülfünununu oxuyub başa çıxan bəzi üzvlər – bunlara da izn verildi ki, rusca danışsınlar və həqiqətdə mən ki, gedib sümük sındırıb, illər ilə kafirlər içində əlimi murdar professorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər – cəhənnəmə düşmürdülər, gora düşmürdülər.

O ki, qaldı Bakı qurultaylarında olan səliqə – bu barədə yaxşısı budur ki, heç danışmayım. Onsuz da düşmənimiz çoxdur, xəbərdar olar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü-nizamı görüb bizə göz vurarlar; çünki nədənsə bizim bədxahların hamısı bədnəzərdir.

 

*  *  *

 

Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan? Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axır dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?!

Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan  xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!

Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,   27 noyabr,  1917,  N 24.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info