Qonaq Kitabı
AZADİYİ-VİCDAN

Rusiya inqilabının bərəkətindən törəyən azadlıqların biri də vicdan azadlığıdır.

Azadiyi-vicdanın iki mənası var: biri budur ki, mənim aləmimdə mən gizlicə hiss elədiyim şeyləri nə cür ki, öz ağlım kəsir və insafım qəbul edir, o cür də qanıram və ona görə də əməl eləyirəm. Mən, məsələn, yaxşını yamandan öz qanacağıma görə seçirəm; onu bir özgəsindən soruşmuram. Mən görürəm ki, şüşə qabı əlimdən yerə salsam, sınacaq; dəxi salmağı rəva görmürəm. Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur.

Allahı tanımaq və ona sitayiş eləmək, həmçinin mənim gizli hissimdir; yəni mənim vicdanım nə cür ki, mənə yol göstərir, ona görə də mən allaha ibadət eləyirəm, dəxi bu barədə mənə həmçinin güc və hökm yoxdur və ola da bilməz.

Bu, azadiyi-vicdanınm bir mənası.

İkinci mənası da budur ki, biz gördük 1336-cı məhərrəmin imam təziyəsində.

Nə gördük?

Gördük ki, dünya və aləm bir-birinə dəyib, küçə və bazar məmlüvv[1], dəstələrin nərəsindən qulaq tutulur, dağlar az qalır lərzəyə gəlsin, mübarək qanlarına qəltan ağköynəklərin “va milləta!” fəryadı, qiyam qiyamət, tufani-Nuh, arvad-uşaqların, lotu cibgirlərin və müsəlman çinovniklərinin sinə vurmaqları qarışıb bir-birinə!.. Dəxi nə ərz eləyim, cəmi əğyar millətlər cəm olublar tamaşaya. Baxırlar, baxırlar, baxırlar və öz könüllərində kim nə bilsin nələr söyləyirlər?

Xülasə, bu heyndə nədir mənim yadıma düşən?

Mənim yadıma düşən budur ki, ey dad-bidad bu dəstgahın içində deyəsən müsəlman intelligenti, yəni müsəlman oxumuşları görsənmir.

Pəhə! Belə də iş ola bilərmi? Pəhə, mən özümü öldürrəm! A gədə, durma, bir dəstə adam göndər və bunların əlində oxumuşların siyahisini ver, getsinlər onları evlərindən çəkə-çəkə gətirsinlər, ağköynək məclisinə.

Demək ki, azadiyi-vicdanın ikinci mənası budur ki, mən görəndə ki, bir müsəl-man intelligenti şaxsey dəstəsinə yapışmır, mənim vicdanım mənə deyir ki, o biçarə yolu azıbdır, bir əlidəyənəkli göndər, onu zor ilə gətirsin.

Odur ki, bu il hürriyyətin sayəsində o cəlal ki, bizim şaxsey dəstgahında var idi, köhnə zamanlarda yox idi.

Yaşasın hürriyyət, yaşasın azadiyi-vicdan!

 

Molla  Nəsrəddin.

“Molla Nəsrəddin”,  18 oktyabr,  1917,  N 20.



[1]  Dolu.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info